Müəllimi imtina etdi, anası "peşman olacaqsız" dedi, o isə...

10 May 2020 11:40 Digər növlər 760
Müəllimi imtina etdi, anası "peşman olacaqsız" dedi, o isə...

İlk Avropa və IV İslam Həmrəyliyi Oyunları, ənənə halını alan Formula1 Qran Prisi, futbol üzrə Avropa Liqasının final qarşılaşması, cüdo üzrə dünya çempionatı və s.

Təkcə son beş ildə Azərbaycanda keçirilən idman yarışlarını saymaqla, bitirmək olmur.

Bu, bir-birindən nüfuzlu tədbirlər sayəsində idman ölkəsi imicimiz birəbeş möhkəmləndi, yüksək tələblərə cavab verən infrastruktur, təşkilatçılıq təcrübəsi formalaşdı. O cümlədən, ötən il paytaxtımızda təşkil edilən Avropa Gənclər Yay Olimpiya Festivalını bu qəbildən olan yarışlar sırasına əlavə etmək olar.

Nüfuzlu idman tədbirində qitənin 48 ölkəsindən 4000-dək atlet 135 dəst medal uğrunda mübarizə apardı. 10 idman növü üzrə, 14-18 yaş aralığındakı idmançılar arasında baş tutan yarışda ən yaxşı göstəricimiz, gözlənildiyi kimi, güləşdən gəldi, cüdo isə "2 nömrə"miz statusunu qorudu.

Digər növlərdən isə sadəcə, gimnastikada fərqləndik. İdman gimnastikasında qazanılan "gümüş", ümumiyyətlə, bir ilk idi. 1993-cü ildən AGOF-un proqramında yer alan bu növ üzrə bunadək heç vaxt mükafatçılar sırasına düşməmişdik.

"Doğma divarlar" amilindən maksimum yararlanaraq, arenada əsl bayram əhval-ruhiyyəsi yaradan gəncimizin adı geniş ictimaiyyətə çox tanış olmasa da, bu və digər ilkləri ilə gimnastika camiəsində sayılıb-seçilən idmançıdır.

"Müəllim, bax, çox peşman olacaqsınız"

Tanış olun; Yeniyetmələrin Yay Olimpiya Oyunlarında kişi idman gimnastikasında ilk təmsilçimiz Məmmədli Səməd. 2002-ci ildə gənclik və idmançılar şəhəri Sumqayıtda, mühəndis Aydın Məmmədovun ailəsində dünyaya göz açıb. İdman sevdalısı olan atasının istəyi ilə beş yaşından gimnastikaya yazılan AGOF qəhrəmanımız, ilk addımlarını doğma şəhərində, Elşən Əliyevin yanında atıb. Futbol da daxil, həvəskar səviyyədə paralel olaraq bir neçə idman növündə özünü sınayan Səməd, bunadək çox qısa müddət "gənclik şəhəri"ndə ən populyar olan cüdoya gedib-gəlmişdi.

Ata, oğlunun idmandakı ilk addımlarını - "tatami macərası"nı xatırlayır: "Özüm həvəskar səviyyədə, xüsusən, hərbi xidmət vaxtı idmanla məşğul olmuşam. Turnikdə, paralel qollarda hərəkətlərə həvəsim vardı. Səməd təzə ayaq açandan onu idmana alışdırdım. Tələb qoyurdum ki, bax, bu gün bu qədər jim etməlisən. Beləliklə, get-gedə özündə həvəs yarandı. Yaşı çatanda özünün də razılığıyla qərara gəldik ki, idmana yazdıraq. İlkin niyyət elə gimnastika idi. Ancaq məşqçi axtarışımız bir az uzandı. O arada qarşımıza cüdo zalı çıxdı, fikirləşdim, nə ziyanı var, qoy hələlik burada vaxt keçirsin. İlk gündən özündən yaş və boyca böyük uşağı "qaralayıb" dedi ki, mən bununla güləşmək istəyirəm. Sən demə, o da zalın güclü uşaqlarından biri imiş. Gördüm məşqçi tərəddüd edir, dedim, buraxın güləşsin. Qoçağımız çatan kimi uşağın üzünə bir şillə vurdu. Gözünün yaşı dayanmırdı. Boynunu qucaqlayıb güc-bəla ilə sakitləşdirdim.

Gimnastika məşqçisi bir yaşını soruşdu, bir boyuna baxdı, ağlı bir şey kəsmədi. Dedi, hələ tezdir, bir-iki il keçsin, gətirərsiniz. Nə qədər dil tökdük, razılaşmadı. Axırda anası dedi, müəllim, bu hər saat ələ düşən uşaq deyil. Bax sonra çox peşman olacaqsınız. Bu söz onu tutdu. Uşaq az vaxtda bizi haqlı çıxartdı. Elşən müəllim Səmədə necə bağlanmışdısa, zarafata salıb deyirdi, gəl sən onu, ümumiyyətlə, mənə ver (gülür).

Zədədən döndü

"İdman gimnastikadan başlayır" deyirlər. Razılaşmamaq üçün bir səbəb yoxdur. Ancaq idman gimnastikası, bəlkə də, idmanın zədəyə ən meyilli olan növüdür. Xırda ehtiyatsızlıq, düşünülməmiş addım müxtəlif xəsarətlərə, dönüşü olmayan fəsadlara yol aça bilər. AGOF vitse-çempionunun da zədələrdən "sığorta"sı yoxdur. O, hələ səkkiz yaşında aldığı zədə səbəbindən, bir ilədək sevimli idmanından kənar qalır. Ailəsinin dəstəyi ilə toparlanıb lideri olduğu zala dönən Səməd, sonradan hazırlıqlarını Bakı Gimnastika Məktəbinin sıralarında davam etdirir, artıq 13 yaşında seçmə komandaya dəvət alır.

Qucaq-qucaq mükafat - Meydanda tək, "at"ı ilə qızıla tay gümüş

Ölkədaxili yarışlarda birinciliklər, qısa zamanda xaricdə də təkrarlanır. Səməd, bu vaxtadadək Azərbaycan çempionatlarının 30-dək qalib və medalçısıdır. Macarıstan, Almaniya, Türkiyə, Rusiya, İsveçrə, Bolqarıstan və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdən vətənə, adətən qucaq dolusu mükafatlarla dönüb. Müəllifi olduğu ilklərlə ölkədəki yeniyetmə idman gimnastları arasında "1 nömrə" statusunu daşıyan Məmmədli, üç oğlan idman gimnastı ilə qatıldığımız AGOF-2019-da çoxnövçülük də daxil, üç hərəkət üzrə final mərhələsinə adlamışdı. Çoxnövçülükdə 75.500 xalla 19-cu olan Səməd, sərbəst hərəkətlərdə medalın lap yaxınlığınadək gəldi - 13,733 xalla 6-cı yer. Gözlənildiyi kimi, daha yaxşı çıxış dəstəkli atla hərəkətdə əksini tapdı. Hakimlərdən 13,600 xal alan gimnastımız, beləliklə, yekunda yalnız ukraynalı həmyaşıdı Nazar Çepurnini önə buraxaraq, ölkəmizə yarışların yeganə medalını qazandırdı.

Pandemiyanın alt-üst etdiyi fürsət: Ümid sonda ölür

Azərbaycanda gimnastika ənənəsi, titul-mükafatlar, əsasən bədii növün payına düşür. 2000-ci illərin əvvəllərindən etibarən, daha dəqiqi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiya rəhbərliyinə gəlişindən sonra paytaxt Bakıda bu növ üzrə ardıcıl yarışlar təşkil olundu, AÇ, dünya kuboku və çempionatlarında mükafatlar qazanıldı. Habelə, Yay Olimpiya Oyunlarında iştirak daimi hal aldı. İdman gimnastikasının uğur "yaş"ı isə bir qədər azdır. Cari onilliyin ortalarından başlayaraq, profili üzrə dünyanın ən yaxşılardan sayılan Milli Gimnastika Arenasının tikilib-istifadəyə verilməsindən sonra Azərbaycanda idman gimnastikası sahəsində da canlanma müşahidə olundu. Artıq bu növ üzrə bir neçə böyük yarış təcrübəsinə sahibik, qitə və dünyamiqyaslı nəticələrimiz, eləcə də olimpiadada iştirak təcrübəmiz var. Tək cari ildə gimnastikanın bir neçə növü üzrə ardıcıl yarışların təşkilatçılığı planlaşdırılsa da, məlum pandemiya ucbatından onlar ya ləğv olundu, ya da qeyri-müəyyən müddətədək təxirə salındı. Azərbaycanın tarixdə ilk dəfə təşkilatçılıq hüququna yiyələndiyi kişi idman gimnastları arasında Avropa çempionatı da bu qəbildəndir. Həm də gənclər arasında yarışların baş tutması nəzərdə tutulan əsas qitə mübarizəsi, cari ayın sonlarında təşkil olunmalı idi. Belədə yerli publikanın nəzərləri yenidən Səmədə dikiləcəkdi. Bir qədər də dəqiqləşdirsək, dəstəkli at və sərbəst hərəkətlərdə mükafatlar uğrunda iddia ortaya qoyacağı gözlənilirdi. "Doğma divarlar" amilini, üstəlik, onun gənclərdə son ili olduğunu nəzərə alsaq, fürsətin əldən çıxması gənc gimnastın əhvalını əməlli-başlı korlayıb. Ancaq ehtimal var ki, AÇ payız aylarının birində keçirilsin. Odur ki, nikbin olub gözləməkdən yaxşı seçim yoxdur.

"...ardı da gələcək, yoxsa..."

Ötən il Səməd üçün sadəcə, AGOF və digər turnirlərin mükafatı ilə əlamətdar deyil. O, həm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldu. Məşqçi-müəllim ixtisasının birinci kurs tələbəsi, sonradan digər ixtisas üzrə də təhsil almasını istisna etmir. Gimnast karyerasının gələcəyinə gəldikdə, "Bu, yaxın beş il ərzindəki çıxışımdan asılı olacaq” deyir: "Böyüklərə keçid, oradakı ilk vaxtlar çox çətin olur. 23-25 yaşadək hansısa nəticə qazansam, ardı da gələcək. Yoxsa, niyə özümü aldadım ki".

Atanın gileyi: "Elə görkəm alır, sanki..."

Bir yeniyetməni hamıdan yaxşı valideyni tanıyar. Doğru deyiblər, insanın ən yaxın dostu elə ailəsi, ata-anasıdır. Biz hər şeyi dedik, bəs, görəsən, A. Məmmədov övladının hansı cəhətindən gileylənir?

"Dünən mənə zəng etdi ki, bəs, məndən müsahibə aldılar, sənin də nömrəni istədilər (Red: Yazının müəllifini nəzərdə tutur - S.Ə.). Soruşdum, necə danışdın? Dedi, elə bildiyin kimi - çox az. Səfərdən hamıdan əlidolu özü qayıdır, amma elə görkəm alır, sanki ən zəif elə özüdür. Hərdən digər uşaqlar onun kubok, medallarını əllərinə götürüb, şəkil çəkdiririrlər (gülür).

Portret

Əzmkar, mütəvazi və... realist. Gözünüzün qarşısına təcrübəli, bəlli yaşa dolmuş biri gəldi, eləmi? Ancaq bu, bir azərbaycanlı yeniyetmənin boyuna biçilən keyfiyyətlərdir.

Sahib Əsədbəyli

Digər Xəbərlər
Xəbər Lenti