"Əvvəlcədən nəticə qazanmağı qarşıma hədəf qoymuşdum"

22 Fevral 07:50 Digər növlər 234
"Əvvəlcədən nəticə qazanmağı qarşıma hədəf qoymuşdum"

“Yarışdan əvvəl olan hazırlıq çətin keçdi, çünki dizimdə zədə var idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.

O, Avropa çempionatında qazandığı üç qızıl medala görə xoşbəxt olduğunu bildirib:

"Əvvəlcədən bu yarışda nəticə qazanmağı qarşıma hədəf qoymuşdum. Azərbaycan himnini səsləndirdiyimə görə çox xoşbəxtəm".

D.Dadaşbəyli gələcək yarışlarda daha ağır çəkidə mübarizə aparacağını söyləyib:

"Bir çox lisenziyalı yarışlarda iştirak etmişəm. Ay yarım sonra Dünya Kuboku olacaq. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq".

109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. Atlet təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb.

O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!