Baş katib vəzifəsi ləğv olundu, yeni vəzifə yaradıldı - FOTO

30 Aprel 11:20 Digər növlər 206
Baş katib vəzifəsi ləğv olundu, yeni vəzifə yaradıldı - FOTO

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, İcraiyyə Komitəsinin iclasında MPK prezidenti İlqar Rəhimov çıxış edərək komitənin strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resurslarının qənaət edilməsi və qurumun nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifəsinin ləğv olunmasının məqsədəuyğun olduğunu hesab etdiyini bildirib.

Daha sonra İ.Rəhimov Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün və Beynəlxalq Paralimpiya Komitəsinin təcrübəsini nəzərə alaraq icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib.

Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrahim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.

Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və MPK-nın İcraiyyə Komitəsi tərəfindən qərara alınıb:

1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezident sayı bir nəfər olaraq müəyyən edilsin və baş katib vəzifəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsi təsis olunsun.

3. Babayev Eldar İbrahim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.

4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti ümumi yığıncaqda təsdiq olunsun.

Komitənin yeni təsis olunmuş icraçı direktor vəzifəsində çalışacaq Eldar Babayev bundan öncə UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə Komitə prezidentinin köməkçisi vəzifələrində çalışıb. Eyni zamanda E.Babayev 2019 və 2021-ci illərdə Bakıda keçirilmiş paracüdo üzrə Qran-pri yarışlarında təşkilat komitəsinin üzvü olub.

İcraiyyə Komitəsinin iclası bitdikdən sonra İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, o, idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcək.

R.Mürsəlov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında və “Pekin 2022” Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.

Onu da bildirək ki, Milli Paralimpiya Komitəsində Kamal Məmmədov baş katib idi. O, 2017-ci ilin dekabrında bu vəzifəyə təyin olunmuşdu.

Xəbər Lenti