
“Burada əla ab-hava var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç deyib.
Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə iyulda 3 illik müqavilə imzalayıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı “İnqolştadt”da (Almaniya) forma geyinib.
Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynamış kiperin “Qarabağ”a uyğunlaşma prosesi necə gedir?
Cavabı özündən eşidək:
“Bir neçə dildə sərbəst danışıram – portuqalca, ingiliscə, xorvatca və təbii ki, almanca. Uyğunlaşma prosesində bu üstünlüyün mənə çox köməyi dəydi.
“Qarabağ”da hamı bir-birinə kömək edir. İstər komanda yoldaşlarım olsun, istərsə də klubda çalışanlar – daim dəstək olurlar.
Burada özümü xoşbəxt hiss etdiyimi deməliyəm”.