“Dinamo"nun hücumçusu Ülvi Babayevin Azərbaycan millisində çıxış etmək ehtimalı yaranıb.
Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, AFFA rəsmiləri bir neçə gün əvvəl Bakıda 21 yaşlı futbolçunun ailəsi ilə görüşüb və onlarla Ülvinin milli karyerası ilə bağlı söhbət ediblər.
Federasiya rəsmiləri uzun sürən danışıqların yekununda Ülvinin atası Laçın Babayevi razı sala biliblər.
Bundan sonra İmişlidən olan Babayevlər Ülvini Azərbaycan yığmasında oynaması üçün razı salmalıdırlar.
Lakin “Dinamo”nun istedadlı forvardı bu məsələyə isti yanaşmır. AFFA-nın israrı isə davam edir. İndi qurumun əlini güclü edən məqam ailəsinin federasiya ilə eyni fikirdə olmasıdır.
Laçın bəy hətta oğlunun Azərbaycan millisi ilə yanaşı “Qarabağ”da çıxış etməsini istəyir. Bunu AFFA rəsmilərinə də açıq şəkildə bildirib.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da 21 yaşlı futbolçu ilə şəxsən maraqlanır və onu izləyir.
Ülvi Rusiyanın noyabrda gənclər millisində debüt edib. O, Qırğızıstanda keçirilən Manas Kubokunda meydana çıxıb.
21 yaşlı forvard 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Rusiyanın U-21 millisində çıxış etməsi Azərbaycanı seçməsinə heç bir problem yaratmır.
Bunun əsas səbəbi isə iştirak etdiyi oyunların rəsmi statusda olmamasıdır. Ülvi fikrini dəyişsə, Rusiya Futbol İttifaqından icazə almağa ehtiyac olmayacaq.

