“Tufan Sadıqovun Rusiyada futboldan uzaqlaşdırılmasının bizə təsiri olmadı. Klub rəhbərliyi əlindən gələni edir. İnanıram ki, hər şey daha yaxşı olacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında Türkiyənin “Serik Belediyespor” klubunda çıxış edən Sərtan Taşkın deyib.
Müdafiəçi klub rəhbəri Tufan Sadıqovun “Ximki”ni müflis etdiyi üçün Rusiyada futboldan uzaqlaşdırılmasının onlara heç bir mənfi təsir göstərmədiyini bildirib.
28 yaşlı futbolçu klubunda maliyyə böhranının olduğunu da etiraf edib:
“Tufan bəylə şəxsi söhbətlərimiz olub. Komandamızın yanında daima bizə dəstək olur və əlindən gələni edir.
Maaşların ödənilməsi ilə bağlı bir az problem var, amma ən qısa zamanda həll olunacaq.
Tam ödəniş almamışıq, amma hər ay hissə-hissə ödəniş alırıq. Heç pul almamışıq da deyə bilmərəm”.
Taşkın öz karyerasından danışıb:
“Karyeram buraya gələndə istədiyim kimi başlamamışdı, səbəb isə baş məşqçi idi.
Son iki oyunda yeni baş məşqçi gəldi və son oyunda mənə şans verdi, inşallah, ardı gələcək. Düşünürəm ki, nəticələrimiz pis deyil və daha yaxşısını edə bilərik.”
Azərbaycanlı futbolçu karyerasını yenidən Azərbaycanda davam etdirmə ehtimalı ilə bağlı isə belə deyib:
“Futbolçu olaraq dəyər görəcəyim bir təklif olarsa, niyə olmasın. İndiyə qədər Azərbaycandan heç bir təklif olmayıb.
Amma Türkiyədə qalmaq və ya xaricdə oynamaq variantı olsa, seçimim gələcək təkliflərdən asılı olacaq.”

