O, Azərbaycan futbolunun tarixində yeganədir!
Nə ona qədər, nə də ondan sonra İspaniya La Liqasının bürünc medallarını qazanmış, «Real Madrid»ə, «Barselona»ya qarşı mübarizə aparmış, Avropa liqalarında 10 il sərasər çıxış etmiş azərbaycanlı olub.
O, bənzərsiz və təkrarolunmaz Vəli Qasımovdur.
55 il əvvəl, oktyabrn 4-də Gəncədə dünyaya göz açan Vəli Qasımovun uşaqlığı çətin keçib. 2 böyük qardaşı orta məktəbi bitirən kimi Rusiyaya oxumağa və işləməyə getdiyindən. Vəli valideynləri ilə tək qalıb. Ata-anası səhərdən axşama kimi işdə olduğundan, üzərində ciddi nəzarət olmayıb, amma sovet cəmiyyəti indiki qədər nizamsız və təhlükəli deyildi. Onu küçə avaralarından, vağzal uşaqlarından ayrı tutan isə futbol sevgisi olub. Qasımov 7 yaşından paralel olaraq futbol və həndbolla məşğul olub. Bir necə il sonra məşqçilər Vəlini «futbol, yoxsa həndbol» dilleması qarşısında qoyanda isə o, əllə yox, ayaqla topla oynamağı seçir və yaxşı ki də seçir. Olmayan kişi həndbolumuzda, yəqin ki, Vəli Qasımov da itibbatacaqdı. Futbolda isə o, hamımızın öyünəcəyi Vəli Qasımov oldu. Gəncənin «Metallurq» stadionunda əvvəlcə Tofiq müəllimin, daha sonra Yusif Məhərrəmovun yanında futbolun sirlərini öyrənən Vəli şəhərin uşaq komandalarından olan «Pişevik»də oynayır. 14 yaşında isə qarşısına gözləmədiyi bir variant çıxır.
Xarkov onun həyatında mühüm rol oynayır. Orada peşə məktəbinə qəbul edilən Vəli həm elekrtomontaj ixtisası üzrə təhsil alır, həm də futbolun sirlərinə yiyələnir. Öz təbirincə desək, ondan elekrtomontajnik olmur, amma sanballı futbolçu olur. Ukraynanın yeniyetmələrarası turnirlərində göstərdiyi oyunlar, daha sonra Xarkov «Mayak»ının heyətində SSRİ çempionatının 2-ci liqasında çıxışı nəhəng Sovetlər Biriyinin U-16 yığmasının məşqçilərinin diqqətiin çəkir və komandaya cəlb olunur. 1985-ci ildə SSRİ yığmasının heyətində 16 yaşlılar arasında Avropa çempionluğunu qazanır. Maraqlıdır ki, sonradan hücumçu kimi məşhurlaşan Qasımov həmin çempionatda müdafiəçi mövqeyində oynayır. Yeniyetmələr arasında Avropa çempionluğu Vəli Qasımovun peşəkar karyerası üçün «yaşıl işıq» olur. Təkliflər ard-arda düzülür.
16 yaşlı Vəli sovet futbolunun nəhəng tarixinə yüksək liqada ən gənc yaşda qol vurmuş oyunçulardan biri kimi düşür. 1985-86-cı illərdə «Metallist»də oynayan Qasımov 1987-də «Neftçi»dən aldığı təkifi dəyərləndirərək, 5 il əvvəl tərk etdiyi vətəninə dönür. Hücum xəttində bütün SSRİ-də məşhur İsgəndər Cavadov-Maşallah Əhmədov olduğu halda, moskvalı baş məşqçi Aleksandr Sevidov 18 yaşlı gəncə əsas heyətdə necə yer tapır?
İsgəndər Cavadov, Maşallah Əhmədov. İqor Ponomaryov, Nazim Süleymanov, Yunis Hüseynov, Əsgər Abdullayev, Valeri Pançik Aleksandr Jidkov kimi oyunçuların yer aldığı komandaya istedadlı, fiziki cəhətdən cox güclü Vəli Qasımovun da qoşulması «Neftçi»nin gücünə güc qatdı. Komanda hətta yüksək liqada birinci dövrəni 3-cü sırada bitirdi. Amma bu cıxışı sona qədər gətirə bilmədiər və «Neftçi» mövsümü 9-cu pillədə qurtardı. Bu isə adətən, 13-14 cü yerləri tutan Bakı klubu üçün sovet liqasında ən yaxşı nəticələrdən biri sayıldı. 1988-ci ildə «Neftçi» SSRİ Federasiya Kubokunun finalına qədər irəlilədi və həlledici oyunda «Kayrat»a uduzdu. Bu, 1966-nın bürüncündın sonra «Neftçi»nin sovet futbolunda göstərdiyi ən yüksək nəticə sayılır. Amma paradoksa bax ki, elə həmin 1988-də «Neftçi» güclülər dəstəsindən 1-ci liqaya düşdü. Cavadov, Əhmədov, Ponomaryov kimi liderlər komandanı tərk etdi və əsas yük gənc nəslin - Vəli Qasımov, Nazim Süleymanov, Yunis Hüseynov, Samir Ələkbərov, Vidadi Rzayevin üzərinə düşdü. Qasımov 1990-cu il mövsümündə 1-ci liqada uzun müddət «Paxtakor»lu İqor Şkvırinlə bombardirlər yarışında mübarizə apardı. Mövsümün sonunda hesabında 22 qol olan «Neftçi»nin hücumçusu Şkvırindın cəmi 1 top geri qaldı. Ümumilikdə, gəncəli forvard 1987-91-ci illərdə «Neftçi»də 156 oyunda 55 qol vurdu.
Artıq Vəli oyununa görə Azərbaycan səviyyəsini aşırdı. Getmək vaxtı idi. 1991-ci il mövsümü bitən kimi güclü heyət formalaşdıran, yaxşı maliyyə imkanları olan Daşkənd «Paxtakor»u ona dəvət göndərir. Razılığa gəlirlər, Qasımov 2 ay hazırlıq prosesində iştirak edir. Yoxlama oyunlarında qolları sıralayır. Elə həmin günlərdə can üstə olan Sovertlər Birliyinni dağılması xəbəri gəlir və hər şey yarımçıq qalır. Respublikalar müstəqillik qazandığından, hərə öz çempionatıın keçirməyə başlayır. Vəlini isə qarşıda 10 illik Avropa macərası gözləyirdi.
Avropa deyəndə Moskvanı nəzərdə tutmaq kiməsə qəribə görünə bilər, hər halda coğrafi baxımdan bu, belədir. Vəli Qasımovu «Paxtakor»a dəvət etmiş rusiyalı Aleksandr Tarxanov artıq «Spartak»da məşhur Yuri Romantsevin məşqçilər korpusunda idi və onun çağırışı ilə azərbaycanlı forvard da ora yollandı.
Moskvaya gedən kimi «Spartak»da ilk titulunu - artıq ömrünü başa vurmuş SSRİ-nin sonuncu kubokunu qazanan Vəli 1992-də Rusiyanın ilk müstəqil çempionatına da Oleq Romantsevin komandasında başlayır. Həmin vaxt köhnə tanışı Valeri Qazzayev onu israrla «Dinamo Mokva»ya çağırırdı. «Spartak»da ilk dövrədə cəmi 6 oyunda forma geyinən Qasımov dövrələrarası fasilədə «Dinamo»ya üz tutur. Elə Rusiya futbolunun tarixinə də «Dinamo»da vuduğu qollarla düşür. İkinci dövrədə 17 oyunda 16 qol vurmaqla 1-ci Rusiya çempionatının bombardiri olur. İllər keçsə də, ilk Rusiya çempionatının bombardirinin azəerbaycanlı olması faktı bizim üçün qürur yeri olaraq qalacaq.
UEFA Kubokunda da Vəli «Dinamo» azarkeşlərini sevindirir. Turinin məşhur «Delle Alpi» stadionunda «Torino»ya qarşı keçirilən qarşılaşmada məhz həmyerlimzin 44-cü dəqiqədə vurduğu qolla «Dinamo» hesabı açır. «Torino» səddini keçən Vəlinin «Dinamo»sunu növbəti mərhələdə heyətində o vaxt yetərincə parlamağa başlayan məşhur Ruy Koştanın oynadığı «Benfika» dayandırır. Bu, onun «Dinamo»da sonuncu oyunu olur.
«Dinamo»da göstərdiyi oyun avropalı seleksionerlərin diqqətini çəkir. 90-ların əvvəlində Rusiya liqasından Avropaya kütləvi axın vardı. Qasımov da Belçika, İtaliya və İspaniya klublarının diqqət mərkəzində idi. Seçim isə «Betis» oldu.
Sevilya nə Gəncə idi, nə də Xarkov. Heç Moskva ilə də qətiyyən bənzərliyi yox idi. Gənc oğlan, fərqli mentalitet, fərqli mühit. Qazancı da Moskvadakından cox idi. Ailəyə bağlı, ata-anadan ayrı qala bilməyən əksər futbolçularımızdan fərqli olaraq, Vəli yeni şəraitə tez uyğunlaşır.
Beləliklə, 1993-cü ilin yanvarında məşhur «transfermarkt» saytının yazdığına əsaslansaq, 600 min avroya «Betis»ə transfer olunan Vəli Qasımov mövsümün qalan yarısında «yaşıl-ağlar»ın heyətində 14 oyun keçirir, 6 qol vurur. Yekunda «Betis» Sequndada 5-ci yeri tutur. Sevilyalılar La Liqaya çıxmaq arzusunu isə növbəti mövsüm reallaşdırır. Qasımov 1993\94-ci illər mövsümündə «Betis»də 25 oyuna çıxır, 3 qola imza atır. «Betis» mövsümü «Espanyol»dan sonra ikinci sırada bitirir və La Liqaya yüksəlir. Bir azərbaycanlı futbolçuya dünyanın ən güclü liqalarından birində oynamaq belə nəsib olur. «Barselona», «Real», dünya futbolunun ulduzlarına qarşı oynamaq…
Təəssüf ki, ardıcıl zədələr Qasımovun müntəzəm meydana çıxmasına imkan vermir. İlk mövsümdəcə La Liqada 3, İspaniya Kubokunda 2 oyun keçirir. Həmyerlimiz həmin mövsüm «Betis»lə La Liqanın bürünc medallarını qazanır. Zədə üzündən əsas heyətdə yerini itirdiyindən, avroluboklara qədər «Betis»də qalmır və La Liqanın digər klubu «Albasete»yə üz tutur. Hərçənd Vəliyə Portuqaloya, hətta Argentindan belə, təklflər vardı.
«Albasete»de əvvəlcə hər şey qaydasında idi. 8 oyuna 4 qol vurmuşdu. Amma gətirməyəndə gətirmir. Hər şeyin yaxşı getdiyi bir vaxtda aldığı zədə vəziyyəti dəyişir.
«Albasete»li uşaqların sevimlisi olan Vəli Qasımovu meydandan kənarda izləyənlərdən biri də sonradan dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq Andreas İnyesta idi. Həmin vaxt 11-12 yaşında olan İnyesta «Albasete»nin uşaq komandalarında oynayırdı. Əsas komandanın məşq və oyunlarnda da kənara gedən topları məhz İnyesta və yoldaşları gətirirdi. Vəli Qasımov üçün topdaşıyan həmin İnyesta illər sonra bütün dünyanın sevimlisinə çevrilən möhtəşəm bir futbolçu oldu. Vəlinin isə karyerasında həmin illərdə zədələrdən sonra eniş başlamışdı. 1996/97-ci il mövsümünü Sequndada, «Esixa»da keçirən 28 yaşlı futbolçumuz, nəhayət, İspaniyanı Portuqaliyaya dəyişməyə qərar verir.
Portuqaliyada toparlanır, qolları sıralamağa başlayır. İki mövsümdə «Setubal»da 41 oyun keçirir, 15 qol vurur. Onun xüsusən Portuqaliya futbolunun nəhənglərindən «Benfika»ya cərimə zərbəsindən vurduğu möhtəşəm qol mövsümün ən yaxılarındna seçilir.
1999-cu ilin yayında 31 yaşlı Qasımov «Setubal»la vidalaşır. Növbəti «dayancaq» Portuqlaiyanın 1-ci liqa klubu «İmortal» olur.
Amma «İmortal» növbəti yox, sonuncu imiş. Vəli Qasımovun karyerasında sonuncu klub. Və 2001-ci ildə 32 yaşında oyunçu karyerasını bitirir.
Vəli Qasımovun klub karyerası nə qədər diqqətçəkən olsa da, milli komandada çıxışı istənilən kimi alınmadı. 1994-98-ci illər aralığında yığmada keçirdiyi 14 oyunda 1 qol belə, vura bilməyən hücumçu AFFA-nın ovaxtkı rəhbəri Faud Musayevin qəzəbinə tuş gəlir. Musayev mediaya açıqlamalarında Vəli Qasımovu bəzi oyunlara gəlməməkdə günahlandırır. Maraqlıdır ki, bəzən gəldiyi oyunlarda belə, Vəli Qasımovu meydana buraxmırdılar. 1998-ci ilin oktyabrında Lixtenşteynə tarixi məğlubiyyətdə baş məşqçi Vaqif Sadıqov Portuqaliyadan dəvət etdiyi Vəliyə 1 dəqiqə də oynamaq imkanı vermir.
Oyunçu karyerasını bitirdikdən sonra Vəli Qasımov məşqçilik kurslarında oxuyur. Portuqaliyanın «Helves» futbol akademiyasında uşaqlara bu idman növünün sirlərin öyrədir. 2010-cu ildə isə Bakıdan gələn zəng onu təkrar vətənə gətirir. Milli komandada Berti Foqtsun köməkçisi, U-19 yığmasında baş məşqçi işləyir. 2015-ci ildə «Neftçi»yə idman direktoru təyin olunur. Bir il sonra baş məşqçi postuna gətirilir. Amma cəmi 3 ay sonra istefaya göndərilir.
«Neftçi»də akademiyada işini davam etdirməsinə imkan verilməsə də, «Şamaxı»da buna imkan yaradılıb. Vəli Qasımov artıq 2 ildir Şamaxıda yaşayır, klubun akademiyasında koordinator vəzifəsində çalışır, uşaqlarla işləyir. Amma onu baş məşqçi kimi də görə bilərik. Əgər klublarda işə yanaşma dəyişsə. Xüsusən də «Neftçi»də.
Vəli Qasımov 55 yaşı tamam oldu. Avropanın top liqalarında oynayan növbəti azərbaycanlı futbolçunu görmək ücün biz daha 55 il gözləməliyik?
İspan və portuqal dilini mükəmməl bilib, yenə də şirin Gəncə ləhcəsini unutmayan Vəli Qasımovun həyat hekayəsidir bu. Azərbaycanda «böyük futbolçu», «Avropa səviyyəli oyunçu» deyəndə, ağıla ilk gələnlərdən biridir Vəli Qasımov. «Azərbaycanlılardan futbolçu çıxmaz», «bizimkilər top liqalarda», «Avropada oynaya bilməz», «evindən ayrı qala bilməz» kimi fikirləri alt-üst edən, Avropada Azərbaycanı həm oyunu, həm mədəniyyəti ilə layiqli şəkildə təmsil edən şəxsiyyətdir. Bəli, şəxsiyyətdir. Bəzi futbol veteranlarından fərqli olaraq, vəzifə, madiyyat müqabilində yaltaqlanmayan, öz fikrinin, mövqeyinin üzərində dayanan, çətin işi qoyub asanın ardınca qaçmayan, işini də vicdanla görən. Bəlkə də AFFA-nın, vaxtilə oynadığı «Neftçi»nin qapısını təpiklə açıb, “mən Vəli Qasımovam, burada, bu kürsüdə, kresloda əsılində, mən oturmalıyan” bağırmağa da haqqı var. Amma bu gün Vəli Qasımov Bakının hay-küyündən uzaqda özü kimi sakit Şamaxıda uşaqları ətrafına toplayıb, onları futbolçu kimi yetişdirmək ücün zəhmət çəkir. Bir əsrlik futbol tariximizdə İspaniya La Liqasının bürünc medalını qazanmış, «Real» və «Barselona»ya qarşı oynamış ikinci bir futbolçumuz olmayıbsa, onda Vəli Qasımovu mübaliğəsiz 100 ildə bir doğulan azərbaycanlı adlandırmaq olar.
İlkin Fikrətoğlu

