İstanbulun "Qalatasaray"lı bir günü – “SPORTİNFO”DAN MARAQLI VİDEO

29 May 2023 19:40 Bizimkilər 828
İstanbulun "Qalatasaray"lı bir günü – “SPORTİNFO”DAN MARAQLI VİDEO

Futbolun bəzəyi azarkeşlərdi. Bu, tarixən öz təsdiqini tapmış şirin həqiqətdir. Oxunan bəstələr, deyilən şuarlar, rəqibə təzyiq fasitəsi seçilən uğultu, fit sədaları fanatların əsas "silahı"dır.

Bütün bunlar bir araya gələndə olur xoş futbol mənzərəsi.

Düzdü, dünyada heç də bütün klublar bu xoş mənzərənin xoşbəxtçiliyinə sahib deyillər.

Amma olanları da az deyil. Məsələn, Türk dünyasının ən çox sevilən klubu "Qalatasaray" kimi.

İstanbul nəhənginin fantastik tərəfdar ordusu var.

Buna şahid olmağın ən gözəl yolu isə "cim-bom"un ev oyunu olan gün İstanbul küçələrini gəzməkdən keçir.

Canlı şahid kimi sizə məsləhət görürəm...

Tarix 20 may, saat 06:30. Bursadan qardaş ölkənin ən böyük şəhəri olan İstanbula yola düşürəm - "Sivasspor"la Superliqa matçını izləmək üçün.

Təxminən 11:00-da Taksim meydanına çatıram. Matçın startına təxminən 8 saat var.

Amma şəhərdə bu saatlardan başlayaraq Super Liqanın hazırkı liderinin "qoxusu" gəlir.

Sarı-qırmızı rəngli formalara, şərflərə bürünən "Qalatasaray" sevdalıları metroda, avtobusda, küçələrdə görünməyə başlayır.

Kimisi bəstələr oxuyur, kimisi sakit yürüş edir, kimisi də indidən "Nef Arena"nın yolunu tutub.

Hər birində xoşbəxtlik ab-havası vardı. Təkcə bu, onların necə futbol sevdalısı, daha da dəqiqləşdirsək "Qalatasaray" sevdalısı olmasını görməyə yetirdi.

İstanbulda olan əcnəbilər də heyrət içində onları izləyirdi.

Bəndəniz daha erkən saatlarda stadionda olmaq, yaşananları sıfır nöqtəsindən izləmək üçün üz tuturam yaxınlıqdakı metroya. Təxminən 15:30-da "Ali Sami Yen Spor Kompleksi"nə çatıram. Futbol məbədinə 3,5 saat erkən gəlmişəm. Buna erkən demək olarsa...

Artıq bu saatdan stadion ətrafı azarkeşlərlə doludur.

Hər kəsi ilk qarşılayan isə davulçular, zurna çalanlardı. Əziyyətləri qarşılığında pul növbəsinə durublar. Verəni də var, üz çevirəni də. Mənim kimi kameraya həkk edəni də öz yerində.

Başverənləri bir qədər seyr etdikdən sonra buraxılış vərəqəmi alıb, trubunalarda yer alanda saat 17:20-ni göstərirdi. Start fitinə iki saatdan bir qədər az vaxt qalıb.

Lakin çox sayda fanat indidən öz yerini alıb.

Gah onlar bəstə oxuyur, gah da "Nef Stadium"da "Qalatasaray" bəstələri səsləndirilir.

Hər iki halda da mənzərə insana pozitiv siqnallar ötürür.

Görüş haqqında heç nə danışmaq istəmirəm. Açığı, qardaş ölkədə oynanan futboldan heç zaman razı qalmamışam.

İndi də danışsam, mənfi çalarlar daha çox qabaracaq.

Bu hissəyə giriş edib, azarkeşlərin yaratdığı möhtəşəm anlara kölgə salmaq istəmirəm. Ona görə də yazıya azarkeşlərlə başlayıb, onlarla yekunlaşdırıram.

Məncə, Türkiyə futbolunun elə gözəl nöqtəsində də məhz həmin fanatlar yerləşir. Futbolunun da o zirvəyə çatması ümidi ilə arenanı tərk edirəm.

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyim gözəlliyi az da olsa özündə əks etdirən görüntülərə isə aşağıdakı linkdə baxa bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti