“Legiya”nın görməmiş azərbaycanlıları

27 Sentyabr 2021 22:40 Bizimkilər 6 471
“Legiya”nın görməmiş azərbaycanlıları

Ötən mövsüm “Səbail”də Nikolas Hagen vardı. Qapıçı kimi komandaya ciddi xeyir verməsə də, Qvatameladan olan futbolsevərlərin hesabına “Səbail”in saytı əməlli-başlı “yaşayırdı”.

Klubun sosial şəbəkə paylaşımlarına nəzarət edənlər az qala hər paylaşıma Hagenin şəklini həkk edirdi. Ki, bol-bol “layk” gəlsin, saysız şərhlər yazılsın. Və beləcə, “Səbail”in “feysbuk”u, “instaqram”ı qvatamelalıların sayəsində “şellənirdi”.

Bilməyən adam kənardan baxsaydı, ya Hageni bizimki bilərdi, ya da klubun səhifələrinin Qvatameladan idarə olunduğunu düşünərdi. Düzü, həmin vaxtkı mənzərəyə xeyli gülmüşdük. Nə bilərdik ki, günlərin birində eyni duruma biz düşəcəyik?

İndi biz polşalıların gözündə qvatamelalıyıq. “Legiya”nın internet hesabları azərbaycanlılara işləyir. Bütün elan və çağırış xarakterli paylaşım fotolarına Mahirin şəkli həkk olunur. Sanki Mahirin şəxsi hesabıdır, klub səhifəsi yox.

Əladır, möhtəşəmdir, söz yox. “Legiya”nın bu ağıllı addımı atmasının səbəbi məlumdur. Bu gün Polşanın köklü klubunun sosial şəbəkə hesablarında polşalıdan çox azərbaycanlı gözə dəyir. Bəlkə də yerlilər say baxımından bizi üstələyir.

Amma fəallıq baxımından bizimkilərə yaxın düşə bilməzlər. Maşallah, hansı tip şərh, atmaca, goplama istəsən, var. İndi adama yer edən Mahirin “Legiya”da niyə bu qədər sevilməsi deyil. Heç azərbaycanlıların internet səhifələrində yazdıqları da baş ağrıtmır. Ən bərbadı polyakların gözündə qvatamelalı olmağımızdır.

Bilirsiz, niyə? Çünki 10 milyona yaxın əhalisi olan, komandası fasiləsiz avrokubokların qrup mərhələsində çıxış edən, futbolunun inkişafından durmadan ağızdolusu danışdığımız ölkəni Avropada düz-əməlli bir futbolçu təmsil edir.

Anton Krivotsyukla Namiq Ələsgərov da var, amma Emrelinin etdikləri başqadır. Ona görə də bu boyda ölkə gözünü Mahirə dikib. Ona görə də “Legiya”lıların gözündə bir tək Mahirdən asılı olan yazıq ölkənin görməmiş insanlarıyıq. Allah Hagenlə Mahirdən razı olsun! Qvatamelalı və azərbaycanlı azarkeşləri yazıq görkəmindən qurtarsın!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?