Qazi Sahilə ev və avtomobil veriləcək - FOTO

20 Aprel 20:30 Bizimkilər 246
Qazi Sahilə ev və avtomobil veriləcək - FOTO

“Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət alan qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün ilk növbədə müvafiq işçi qrup tərəfindən onun əyani müayinəsi aparılıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Müdafiə və Səhiyyə Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edilib.

"Yəni, əyani müayinənin nəticələri və diaqnoz məlumatları Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır.

Sahil Həsənliyə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar təyin olunub. Qazimizə müvafiq sosial ödənişlər (təqaüd və müavinət) təyin edilib.

Sahil Həsənlinin də müharibə əlilləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə, eləcə də mənzillə, avtomobillə təmin olunmaq hüququ var. Hələ ötən ay Sahil Həsənli mənzillə təmin olunmaq üçün qeydiyyata götürülüb və yaxın aylarda mənzillə təmin olunacaq. Avtomobillə təmin edilmək üçün də növbəyə alınıb və onun avtomobillə təminatı da həyata keçiriləcək", - deyə məlumatda qeyd olunub.

Bir neçə gün öncə "Qafqazinfo"ya açıqlama verən qazi Sahil Həsənli ona təyin olunan əlillik dərəcəsindən narazı olduğunu bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti