"Neftçi" rəhbərliyindən xahiş etdik ki…"

24 Fevral 2021 13:00 Bizimkilər 971
"Neftçi" rəhbərliyindən xahiş etdik ki…"

"Gürcüstan klubları ilə yaxın münasibətlərimiz var. Arada müəyyən mövqelər üzrə müraciət edirlər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu İbrahim Qədirzadə onun köməyi ilə karyerasını Gürcüstanda davam etdirəcək. 22 yaşlı müdafiəçi "Samtredia"ya keçib.

Qədirzadə son olaraq "Neftçi-2"nin formasını geyinib. Üç il öncə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş İbrahim "Xəzər Lənkəran"ın yetirməsidir.

Heydərli ondan öncə Nicat Qurbanovun qonşu ölkəyə yolunu açıb. İnişil "Sumqayıt"dan ayrılandan sonra bir müddət futbolsuz qalan yarımmüdafiəçi sözügedən menecerin vasitəsilə "Samtredia" ilə anlaşıb

. Vaqif bəy yaxından tanıdığı bu klubun Qədirzadə üçün tramplin ola biləcəyini deyib: "Azərbaycanda nisbətən yüksək əməkhaqqı alan futbolçulara Gürcüstana getmək sərf etmir.

Buna yalnız gənclər, burada çox pul qazanmayan və oynamaq istəyən futbolçular maraq göstərir. "Samtredia" məndən müdafiəçi istədi, Qədirzadəni təklif etdim.

O, iki həftədən artıqdır komandaya qoşulub, yoxlama oyunlarında iştirak edib. Müqavilə müddəti 1 ildir.

İbrahimin yaşı çox olmasa da, təcrübəsi kifayət qədərdir. 17 yaşında "Xəzər Lənkəran"ın heyətində güclülər dəstəsində meydançaya çıxıb.

"Qarabağ"ın 19 yaşlılarında Çempionlar Liqasını görüb. Son vaxtlar "Neftçi"nin əsas komandasının məşqlərinə də cəlb olunurdu.

Belə bir variant çıxdı, biz də "Neftçi" rəhbərliyindən xahiş etdik ki, İbrahimin legioner həyatı yaşamasına şərait yaratsınlar. Çünki klubla müqaviləsi var idi.

Onlar da sağ olsun, şərait yaratdılar. İndi hər şey İbrahimin özündən asılıdır. "Samtredia"da yaxşı çıxış etsə, daha iddia klublardan birinə keçə bilər".

Digər Xəbərlər
Xəbər Lenti