Sadıq Sadıqov "Neftçi"dən söz açdı, vəd verdi: "Çoxları inanmırdı ki…"

22 Aprel 08:50 Basketbol 2 160
Sadıq Sadıqov "Neftçi"dən söz açdı, vəd verdi: "Çoxları inanmırdı ki…"

"Çoxları bizim titula sahib çıxacağımıza inanmırdı".

bunu "report"a açıqlamasında "Neftçi" İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov basketbol komandasının Azərbaycan Kubokunun qalibi olması ilə bağlı danışarkən deyib.

O, "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri final matçının çox gərgin keçdiyini söyləyib:

"Artıq ikinci mövsümdür ki, Azərbaycan Basketbol Liqasında iştirak edirik. Yeni komandayıq. İlk ilimizdə bizdə heç nə alınmadı.

Bu, sınaq mövsümü oldu. Sonra heyəti gücləndirməyi qərara aldıq. Əcnəbi oyunçularımız var, ən güclü yerli basketbolçuları da cəlb etdik.

Məqsəd liqada və kubokda çempionluq idi. Bu gün şans bizim tərəfimizdə oldu. 4 xallıq üstünlük basketbolda böyük fərq hesab edilmir.

Bu, qarşılaşmanın gərginliyindən xəbər verir. Oyunçular əzmkarlıq göstərdilər. Fasilədən sonra onlara motivasiya verdik. Sağ olsunlar, başımızı uca etdilər".

O, komandanın avrokuboklarda çıxış etmək ehtimalı barədə danışıb:

"Hədəflərimiz böyükdür. Avrokuboklarda mübarizə aparmaq niyyətindəyik.

Heyətimiz daha da güclənməlidir. Sponsorumuz SOCAR komandaya böyük dəstək verib.

İnanıram ki, Avropada oynamaq üçün şans versələr, əlimizdən gələni edəcəyik. Ölkəmizi beynəlxalq arenada təmsil etmək və Azərbaycanın idman ölkəsi olduğunu göstərmək istəyirik".

Sadıq Sadıqov "Neftçi" İdman Klubunun təmsilçilərinin idmanın müxtəlif növlərində nailiyyətlər əldə etdiyini xatırladıb.

İdarəetmə aparatının rəhbəri 3x3 basketbol üzrə Azərbaycan millisində "Neftçi"nin üzvlərinin də olduğunu diqqətə çatdırıb.

Sadıqov yığmanın Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasının böyük uğur olduğunu deyib:

"Komandamız olimpiadada da nəsə edə bilər. Biz qızlarımızın lisenziyaya sahib çıxacağına inanırdıq".

Digər Xəbərlər
Xəbər Lenti