Sadıqovun arzuları

1 Dekabr 2020 16:20 Azərbaycan Futbolu 608
Sadıqovun arzuları

Elə bil ki, qara zənci bu dünyaya gələn zaman
Bir daxmada matəm tutub ağlamışdır öz anası...
Fəqət yenə ana qəlbi ayrılmamış övladından,
Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası.
(Səməd Vurğun)

Türkiyənin “Dənizlispor” klubu xorvatiyalı çalışdırıcı Robert Prosineçki ilə yollarını ayırıb. Dənizli təmsilçisi Prosineçkinin rəhbərliyi altında superliqada keçirdiyi 8 oyunda yalnız bir qələbə qazanıb.

Hesabında 5 xal olan “xoruzlar” 21 komanda arasında 20-ci yeri tuturlar. Yəni sondan əvvəlki pilləni. Necə də tanış mənzərədi, dostlar. Elə buna görə də “Dənizlispor” rəhbərliyi xorvatiyalı mütəxəssisin “xoruzunu qoltuğuna verib”, özünü də Zaqrebə yola salıb.

Bu yerdə qeyd edim ki, Prosineçki ötən mövsüm Türkiyə çempionatında digər bölgə təmsilçisini çalışdırırdı. Millimizin sabiq məşqçisini böyük ümidlərlə “Kayserispor”a gətirmişdilər. Həmin vaxt Kayseri komandasının vəziyyəti elə də yaxşı deyildi, “sarı-qırmızılar” turnir cədvəlinin sonunda var-gəl edirdilər.

Qışda transferlərə yaxşı pul xərcləndi, “sükan” da xorvatiyalıya tapşırıldı ki, komanda elitadakı yerini qorusun. Amma mümkün olmadı, komanda mövsümü “düşmə zonası”nda tamamladı.

Düzdü, “Kayserispor” aşağı diviziona yollanmayıb. Bu da onun sayəsində mümkün olub ki, Türkiyə Futbol Federasiyasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən bütün komandaları elitada saxlayıb.

Yəni ki, Robert Prosineçki “Kayserispor”da qarşısına qoyulan hədəflərə çata bilməmişdi. Amma nə sirri-xudadısa, onu Dənizliyə dəvət etdilər. Belə başa düşürəm ki, Prosineçkinin Türkiyədə və Azərbaycanda lobbisi çox güclüdü.

Adamı darıxmağa, daha doğrusu, işsiz qalmağa qoymurlar. Onun da sayəsində həmin o futbol işbazları, menecerlər özləri də yaxşı pul qazanırlar.

Bundan sonrası isə çətin olacaq. Çünki Prosineçkinin “Kayserispor”dakı və “Dənizlispor”dakı işi heç də qənaətbəxş alınmadı. Çətin ki, bundan sonra Türkiyədə ona qucaq açan, komanda tapşıran olsun.

Bizimkilərin gözündən, qulağından uzaq. Yoxsa köhnə dostlarını yenidən Bakıya dartarlar. Mənim üçün Prosineçki təkcə uğursuz məşqçi yox, həm də qorxaq adamdı. Aprel döyüşləri zamanı hamımızın yadındadı ki, cəbhədə iki top atılan kimi adam ailəsini də götürüb, Zaqrebə qədər qaçmışdı.

Artıq Prosineçki işsizdi. Onun həmyerlisi Nikola Yurçeviç də işsiz qalıb. Nə Xorvatiyada, nə də onun həndəvərində Yurçeviçə etimad göstərən var. Heç olmayacaq da. Kimə lazımdı bu səviyyəli məşqçilər?

Amma Nikola AFFA-dan ilinə 1 milyon avro qoparmağı bacarmışdı. Zaqrebdə bu pulu harda qazana bilər? Heç yerdə! Heç Prosineçki də Bakıdakı qədər heç yerdə qazana bilmədi.

AFFA prezident Rövnəq Abdullayev şəxsən açıqlamışdı ki, Prosineçki köməkçiləri ilə birlikdə ilinə 1,2 milyon avro maaş alacaq. Bizim təsəvvürümüzə gəlməyəcək qədər böyük puldu. Bosniya və Hersoqoviniya millisində Prosineçkinin illik maaşı 300 min avroya bərabər idi.

Azərbaycandakından 3-4 dəfə az. Şübhə etməyə dəyməz ki, “Kayserispor”la “Dənizlispor”da xorvatiyalı mütəxəssisin qazancı bundan da az olub. Adamlar Robinin əsl qiymətini bilirlər. Biz isə səxavətli və pul qədri bilməyən olduğumuzu hamıya göstəririk. İndi də buna davam edirik.

Prosineçki işsiz, Yurçeviç işsiz. Berti Foqts da burdan gedəndən sonra təqaüdçü ömrünü yaşayır, onun xidmətinə ehtiyac duyan yoxdu. Daha bir işsizi, italyan Canni De Byazini Bakıda işlə təmin etmişik.

Adam bura gələnə qədər heç kimə lazım olmamışdı. İş o yerə gəlib çatmışdı ki, onu Ermənistan millisinə də təklif etmişdilər. Ermənilər də italyan çalışdırıcını İrəvanda görmək istəməmişdilər.

Məlum məsələdi ki, De Byazi ermənilərə bizdən qat-qat ucuz qiymətə təklif olunmuşdu. Amma “dığalar” heç o rəqəmə də razı olmayıblar. Yoxdu dünyada bizim kimisi. AFFA işsizlərə, vecsizlərə iş verməkdə mahir təşkilatdı.

Sevindirici haldı ki, “boz bina”nın divarları arasında bizim sevimli Vaqif Sadıqova da iş tapılıb. O da dostlarını başına yığıb, xəyal qurmaqla, ürəyində arzu tutmaqla məşğuldu.

Əcnəbi məşqçiləri əlcək kimi dəyişir, zamanı və neft pullarını göyə sovururuq, Sadıqov bunlara dinmir. Yenə də zaman istəyir. Nə qədər, ay Vaqif bəy? 5 il, yoxsa 10 il? Azərbaycan futbolunu qara zənci kimi öldürmüsüz.

Fərq odu ki, onun yasını daxmada yox, AFFA-nın boz binasında tuturlar (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti