Bədbinliyin boz çaları - "Neftçi", "Qarabağ" və başqaları

1 Avqust 2020 16:14 Azərbaycan Futbolu 1 400
Bədbinliyin boz çaları - "Neftçi", "Qarabağ" və başqaları

Yaralı Azərbaycan futbolunun 2020-ci ildən necə çıxacağını zaman göstərəcək.

Üfüqlər bombozdu... Ətəyindən tutub ovunmaq üçün böyük ümid axtarmağa da dəyməz...

Bu gün üçün bilinən budu ki, AFFA mövsümlərarası fasilədə "Qəbələ" və "Zirə"yə də "qan vermək" məcburiyyətində qalıb və son vəziyyət nikbin düşüncələrə heç bir əsas vermir. Korona olayının kölgəsində qalan ölkə təmsilçilərinin avrokuboklarda üzləri güldürəcəyinə inanmaq çətindi. Maddi sıxıntı üzündən hədəfləri kiçilən "Keşlə" və "Sumqayıt" bir yana, "oturuşmamış" heyətə malik "Neftçi"ni belə, ağır sınaqlar gözləyir. Əlbəttə, başdakıların bacarıqsızlığı üzündən yeni əsrin 20-ci ilində də Bakı təmsilçisinin qrupda oynamağı minimum hədəfə çevirə bilməməsi bir ayrı rəzalətdi. Ancaq Roberto Bordində "yandıran" rəhbərliyə nəhayət, haqq yoluna gəldiyinə, italiyalıdan zəif olmadığını isbatlayan yerli çalışdırıcıya - Füzuli Məmmədova şans verdiyinə görə təbrik düşür.

Razılaşaq ki, hazırda Azərbaycan təmsilçiləri arasında yalnız "Sabah"ın canfəşanlıq etməsi, obrazlı yanaşsaq, "caynaqlarını itiləməsi" solğun fonda müsbət mənzərədi. Qalanları zəifləməməyin, olanı qorumağın hayındadı. Yayın son ayında avrokuboklara vəsiqə qazana bilməyənlər haqda yorucu cümlələr yazıb vaxtınızı almaq niyyətindən uzağam... Maykl Essyendən istədiyini almadan yola salan "Səbail"dən, o boyda infrastrukturla assosiasiyanın ianəsinə möhtac qalan "Qəbələ"dən söhbət açmaq doğrudan ağır və ağrılıdı...

Bu yay "Qarabağ" da ikiqat əziyyət çəkəcək. Bəlkə də çox bədbin səslənir. Amma əmin olun ki, bu dəfə ağdamlılar xüsusi qəhrəmanlıq hesabına Avropa Liqasının qrupunda düşə bilər. Adiləşmiş hədəfin soyuq və uzaq görünməsinin çoxsaylı səbəbləri haqda danışmaq ayrıca yazı mövzusudu. Məlum pandemiyadan qaynaqlanan, hamıya bəlli məqamlıarla yanaşı, komandadakı ciddi dəyişikliklər də ehtimallar ətrafında axtarışa çıxmağı vacib edir. Qurban Qurbanov və köməkçiləri öncə zamana qarşı mübarizədən qalib çıxmalı, Rəşad Sadıqovsuz, Almeydasız, Miçelsiz, Kintanasız böyük addımlar atmağın yolunu tapmalıdı. Hə, əvəzolunmaz oyunçu yoxdu. Ancaq kapitanın karyerasını bitirməsi, uzun müddət "köhlən atlar"ın formasını geyinən, "açar oyunçular" sayılan legionerlərin heyətdə olmaması sıradan fakt deyil.t

Əslində "Qarabağ"ın bütün Avropa uğurlarının arxasına özünəməxsus imza atmış Sadıqovun yalnız oyunçu yox, həm də baş məşqçinin sağ əli qismində itirilməsi zaman-zaman seziləcək. Hərçənd adamın Qurbanovdan ayrılmasını, öz dəsti-xəttini futbol ictimaiyyətinə göstərmək, fərdi planlarını həyata keçirmək istəyini alqışlamalıyıq. İndi qarşısına uğurlu məşqçi olmaq hədəfi qoymuş sabiq müdafiəçinin də saysız-hesabsız qayğıları var. Bir tərəfdən para sarıdan "axsayan", AFFA-ya möhtac qalan qəsəbə təmsilçisinin "sükanı arxası"na uyğun vaxtda keçmədiyini vurğulamağa məhkumuqsa, digər yandan düzgün qərar verdiyini də qabartmalıyıq. Şübhəsiz, bu büdcə, bu heyətlə ən yaxşı halda, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq hədəfi ilə mücadilə etmək olar. Daha artığından dəm vurmaq romantika ilə reallığın sərhədlərini itirmək anlamına gələr. Belə deyək, pandemiya kitabı bağlansa, 2020/21 mövsümü normal qaydada start götürsə, Sadıqov azı 4-5 ay özül atmağa çalışacaq. Komanda qurmaq çoxmərhələli prosesdi. Hələ bu işi sona çatdıracağı müddəti nəzərdə tutmuram. Hələ söhbət ilkin mərhələdən - nərdivanın birinci pilləsindən gedir. Onadan asılı olmayan səbəblər üzündən vəziyyət qəlizləşməsə, maraqlı mühit yarada, döyüşkən kollektiv formalaşdıra bilər. Millinin sabiq kapitanının uzunmüddətli hədəflər müəyyənləşdirdiyi transferlərdən də aydın sezilir. Yuxarıda qeyd etdiyim kimi, ortaya qəmbərqulu çıxmasa, "Zirə" 2021/22 "futbol ili"ndən Sadıqovun komandasına çevriləcək. Təki bütün futbolsevərlərin qorxulu yuxusu - ölkə futbolunda çox klubları tarixin yaddaşına göndərmiş tanış və qorxunc dalğa kükrəməsin (fanat.az).

Nihat Ağasoy

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"