
Heç kimə sirr deyil ki, ölkə futbolunun hazırkı mənzərəsi ürəkaçan deyil, ürəkbulandırandır.
Peşəkarlar, mütəxəssislər, azarkeşlər ilk imkandaca hazırkı durumdan çıxış yollarını axtarırlar.
Bu camiədə 3-5 manata özünü, sözünü, yolunu, əqidəsini satanlar az deyil. Elələri öncə özlərin düzəltsin, sonra gəlib futbolumuzu düzəltmək üçün nəsə müzakirə apararlar.
Çox təəssüf ki, nələrisə dəyişmək üçün inkişaf yollarını axtaran, müzakirələr aparan şəxslərin nələrisə dəyişmək gücü, ixtiyarı yoxdur.
Güc yalnız ona - AFFA-ya məxsusdur. Orada isə söz yiyəsi Elxan Məmmədovdur. İcraçı vitse-prezident və baş katib kiçik istisnalar xaric, hansı istiqamətə barmaq yelləsə, komandası da ora yön alacaq. Lap o istiqamətdə dərə də olsa, cəhənnəm də olsa ...
Belə şeylər AFFA-da bütün hakimiyyəti ələ alan Məmmədovun sadiq əsgərləri üçün fərq etmir. Hər halda belə olmasaydı, bir vaxtlar "Neftçi"də baş məşqçi çalışan Elxan Abdullayev mətbuat konfranslarının birində deməzdi ki, "Neftçi" AFFA-ya kömək üçün müraciət etdi. AFFA-dan da məni göndərdilər ki, gəlim, "Neftçi"yə kömək edim".
Bütün futbol sektorumuz bu şəkildə idarə olunur. İstisnalar isə qaydaları dəyişmir. Bir sözlə, birilərinin yeri səhv düşüb. Federasiyada oturanlar klub idarə edir. Klubda çalışanlar isə özünü federasiyanın əsgəri kimi aparır. Tribunalarda da 3-5 manata yığılan "fanat" ordusu "Səbail", irəli", "Səbail", qol vur" deyir.
Karantin günlərində Sportinfo.az-da futbolumuzun keçmişi ilə bağlı çox sayda xəbərlər yer aldı. Kütlənin marağı, həvəsi, istədiyi, bilirsiz, nələr oldu?
"Xəzər Lənkəran"la bağlı yazılar, müsahibələr, Yevlaxda baş tutan oyunlar, Tovuzda yaşanan qalmaqallar, "Bakı"nın məhv edilən bazası, Region Liqalarında azarkeş izdihamları, "Kəpəz"in müstəqil vaxtları və.s, və i.
Azarkeş o günləri istəyir. Geri qayıtmasını istəyir. Çünki sadalananların içində futbolun özü var.
Azarkeş çox yaxşı bilir ki, həqiqi futbol nədir. Ancaq AFFA rəhbərliyi bu tərəfdara bunun tam tərsini verir.
Hazırkı federasiyanın gözündə "Fırtınalar meydanı" "Dalğa Arena"dır, Tovuz stadionu deyəndə isə "Zirə" İdman Kompleksi başa düşürlər. "Bakı"nın bazası desən, yəqin ki, "Səbail"i anlayırlar.
Çünki onlar üçün futbolumuzun şah əsəri "Səbail"dir. Futbolumuzu bax belə adamlar idarə edir! Çox təəssüf!
Hər nə qədər ki futboldan bixəbər zehniyyətlər başda oturacaq, topumuz və top oyunumuz o qədər yerində sayacaq. Futbolumuzun yerində saymasını dərd edən isə mənəm, zavallı azarkeş və bir də mənəviyyatı təmiz, həqiqi mütəxəssislər.
Digərləri üçün futbolumuzun yerində saymasından daha çox, başqa şeylər önəmlidir.
Ancaq ona əmin olun ki, futbolumuzun sürətli tənəzzülünə xidmət edənlər bir gün bunun cavabını verəcək. Mütləq verəcək!
O zaman həqiqi futbol Lənkəran, İmişli, Yevlax, Gəncə, Tovuz, Qazax və başqa bütün bölgələrə sürətlə yayılacaq!
Xanoğlan İmanov