Qurban Qurbanov niyə namizədliyini vermədi?

19 Yanvar 2020 19:32 Azərbaycan Futbolu 1 371
Qurban Qurbanov niyə namizədliyini vermədi?

Yanvarın 8-də keçirilən AFFA-nın növbədənkənar konfransında nizamnaməyə əlavə və dəyişikliklər yekdilliklə qəbul edildi.

İctimaiyyəti maraqlandıran əsas yenilik yeni vəzifələrlə bağlıdır. Konfrans AFFA-nın "icraçı" statuslu daha bir vitse-prezident vəzifəsini təsis edib və bununla onların sayının 4 olacağı bilinib.

Prezident və icraçı vitse-prezidentin səlahiyyətləri də müəyyənləşdirilib. AFFA prezidenti olmadıqda, icraçı vitse-prezident toplantılar keçirə, bir sıra qərarları verə bilər. Konfrans icraiyyə komitəsi üzvlərinin də sayını 11-dən 13-ə artırıb.

Həmin gün qurumun İcraiyyə Komitəsinin iclası da keçirilib. Yığıncaqda qərara alınıb ki, yanvarın 28-də AFFA-nın növbəti konfransı keçirilsin. Növbədənkənar konfransın qərarlarına əsasən, növbəti belə toplantı hesabat-seçki xarakterli olacaq.

Dünən AFFA prezidentliyə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədləri ictimaiyyətin diqqətinə çatdırıb. Federasiyanın 4 üzvündən biri olan

Peşəkar Futbol Liqasına (PFL) 5 yer ayrılsa da, "Qarabağ"ın siyahıdan kənarda qalması şok effekti verib. Belədə PFL tərəfindən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun namizədliyi irəli sürülüb.

Hələ bir neçə ay qabaq mətbuata məlum olmuşdu ki, Qurban Qurbanov İK-dən geri çəkilmək istəyir. Onun bu məqsədlə AFFA rəhbərliyinə müraciət etdiyi, şəxsən Rövnəq Abdullayevin işə qarışmasından sonra fikrindən daşındığı bildirilirdi.

Millinin baş məşqçi postundan uzaqlaşdırılan mütəxəssis İcraiyyə Komitəsinin iclaslarında demək olar az-az iştirak edirdi.

Sportinfo.az-ın məlumatına görə, o, bu dəfə komitədən ayrılmaq barədə qərarını AFFA prezidenti ilə razılaşdırıb. Elxan Məmmədov tərəfindən "düz-qoş" edilən siyahıdan xəbər tutan Qurbanov fikrinin qəti olduğunu söyləyib.

Mütəxəssis ona səmimi münasibət göstərməyən bir qrup insanla üz-üzə gəlmək istəmədiyini deyib. Elə baş katib də Qurban bəyin namizədliyini irəli sürməməsini sevincək qarşılayıb.

Məsələ ilə bağlı Ağdam klubunun baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. Klub rəsmisi Sportinfo.az-a açıqlamasında bunları söylədi:

"Klub olaraq, İcraiyyə Komitəsinə bu dəfə namizədliyimizi verməməyi qərara aldıq. Qurban müəllimdən əvvəl də komitədə klubumuzun nümayəndəsi yox idi. Onda hər hansı səbəb var idi? Məndə bu barədə başqa məlumat yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti