Azərbaycan futbolunun "professor"u "kölgə"də qaldı

25 Sentyabr 2021 23:40 Azərbaycan Futbolu 7 414
Azərbaycan futbolunun "professor"u "kölgə"də qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu tarixi hadisə ilə əlamətdar olub.

Turun ilk oyun gününün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib. Matç meydan sahiblərinin kapitanı Rahid Əmirquliyevin ölkə çempionatları tarixinə düşməsi ilə yadda qalıb.

Belə ki, “Zirə”yə qarşı oyun təcrübəli futbolçunun 422-ci çempionat görüşü olub. 32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib.

Əmirquliyev bu sayda oyuna 4 klubun - "Şahdağ", "Xəzər Lənkəran", "Qarabağ" və "Səbail"in formasında çıxıb.

Rahidə kimi rekord Azərbaycan futbolunun "professor" ləqəbli veteran futbolçusu Mahmud Qurbanova məxsus olub. O, uzun illər bu statusu özündə saxlamağı bacarıb. Qurbanovun aktivində 421 oyun var. Rahid Əmirquliyevdən fərqli olaraq Mahmud Qurbanov bu görüşlərə 7 klubun - "Kəpəz", "Neftçi", "Şəmkir", "Xəzər Lənkəran", "İnter", "Bakı" və "Sumqayıt"ın formasında meydana çıxıb.

Mahmud Qurbanov 2012-ci ildən karyerasını başa vurub. Hazırda "Neftçi-2"də baş məşqçi kimi çalışır. Karyerasını davam etdirən Rahid Əmirquliyevin isə rekordunu təzələməsi üçün hələ vaxtı var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti