Gərgin "Neftçi", yoxsa rahat "Qarabağ"?

12 Sentyabr 2021 17:40 Azərbaycan Futbolu 613
Gərgin "Neftçi", yoxsa rahat "Qarabağ"?

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turun oyunları davam edəcək. Günün, turun hətta mövsümün maraqla gözlənilən görüşü "Baksel Arena"da baş tutacaq.

Burada ölkə çempionatlarının daimi iştirakçısı olmuş iki komanda - "Neftçi" və "Qarabağ" üz-üzə gələcək.

Ən yeni tarix

Bu günkü görüş tarixi derbi sayılsa da rəqabətin son illərdəki ən pik həddi yeni tarixə - ötən mövsümə bağlıdır. Məhz ötən mövsüm Samir Abasovun gəlişindən sonra "Neftçi" liderliyi ələ almış və son turda əzəli rəqib üzərindəki qələbə ilə (1-0) çempionluğu gətirmişdi. Həm də "Qarabağ"ın 7 illik hegomonluğuna son qoyaraq. Bu günkü oyuna həmin matçın davamı kimi baxa bilərik.

Gərgin "Neftçi"

Çempionluqdan sonra avrokuboklarda fiasko yaşayan "Neftçi"də gərginlik hələ də davam edir. Nə sadiq azarkeşlərin, nə də futbol ictimaiyyətinin haqlı olaraq komandaya olan hirsi soyumayıb. "Neftçi" bu gün qələbə qazanmaqla az da olsa üzərindəki təzyiqi atmış olacaq. Amma bu qələbə belə Samir Abasovlu "Neftçi"nin günahlarını tam bağışlamağa yetməyəcək.

Günahların bağışlanmaq meydanı avrokuboklardı. Bunun üçün də ən azı yeni mövsümü gözləmək mütləqdir. "Neftçi" təkcə bu oyunu yox, bütün mövsümü gərgin və basqıda keçirəcəyi gözləniləndir. Səbəbləri isə yetəri qədər danışılıb.

Rahat "Qarabağ"

"Qarabağ" isə gərgin dönəmi arxada qoymağı bacardı. 7 ildən sonra çempionluğu əldən verən komanda avrokuboklarda mübarizəyə ənənəvi olaraq ÇL-də yox, yeni yaranmış Konfrans Liqası ilə başladı. Bu isə çempion kimi verilən bəzi üstünlüklərin əldən çıxması deməkdir. İstənilən məğlubiyyət komandanı avrokuboklardan kənarda qoya bilərdi. Çempionluğun əldən çıxmasından sonra avrokuboklarda da yaşanacaq uğursuzluq "Qarabağ"ı böyük zərbə altında qoyacaqdı. Bütün çətinliklərə rəğmən Qurban Qurbanovun yetirmələri qrup mərhələsinə yüksəlməyi bacardı. Məhz belə bir uğur mövsümün sonundakı gərginliyi yeni mövsüm ərəfəsi yüksək ab-hava ilə əvəzləyə bilərdi ki, elə də oldu.

Bu gün "Qarabağ" ötən il son dəqiqə qolu ilə çempionluğu əldən verdiyi görüşün qisasını almağa çalışacaq. Ancaq onu da unutmayaq ki, 4 gün sonra qrup mərhələsindəki ilk tur çərçivəsində "Bazeli" qəbul edəcək ağdamlılar üçün bu günkü derbi bir qədər arxa plana düşə bilər. Məsələn, millidən yorğun gələn bəzi futbolçuları da əsas heyətdə görməyə bilərik. Bu isə o anlama gəlir ki, məğlubiyyət belə dünyanın sonu olmayacaq. Yəni "Qarabağ" meydana bu qədər rahat çıxacaq.

Havası bir başqa olan derbi

Yuxarıda yazdıqlarımız komandaların oyunun startına kimi olan son durumlarıdır. Təcrübə göstərib ki, zaman-zaman belə derbilərdəki 90 dəqiqədə hər şey unudulur. Meydandakı qalibi isə istək, əzmkarlıq və mübarizə həll edir. Bu gün necə olacağını isə zaman özü göstərəcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı