Premyer Liqa və Divizon klublarının yeni maliyyə mənbəyi tapıldı

3 Mart 2021 22:20 Azərbaycan Futbolu 2 640
Premyer Liqa və Divizon klublarının yeni maliyyə mənbəyi tapıldı

Azərbaycan Premyer Liqasının yeni titul sponsoru bəlli olub.

Sportinfo.az bu barədə informasiyanı AFFA-dan əldə edib.

Redaksiyamıza daxil olan məlumata görə, bu haqqın “Azərlotereya”ya verilməsi praktiki olaraq razılaşdırılıb.

Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə imzaladığı sərəncama uyğun olaraq, nazirliklə Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti ilə müqavilə imzalanıb.

“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir.

Şirkətlər qrupu həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir.

İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib.

Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur. “Demirören Holding” həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir.

Media qrupuna "CNNTürk", "Kanal D" kimi məşhur teleradio kanalları, "Milliyət", "Hürriyyət", "Vətən", "Posta" və s. qəzetlər daxildir.

Yeni anlaşmaya əsasən, Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.

Yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.

İqtisadiyyat Nazirliyi ilə sözügedən şirkət arasında bağlanmış razılaşmadan ölkə futbolu da bəhrələnəcək. «Demirören»in idarəetməsinə veriləcək idman mərc oyunları operatoru AFFA ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq.

Şirkət futbol sektorundan əldə edəcəyi vəsaitin müəyyən bir hissəsini federasiyanın hesabına köçürəcək. Həmin vəsaitin əsas hissəsi Premyer Liqa və I Divizion klubları arasında bölüşdürüləcək.

Hazırda bununla bağlı detalların üzərində iş gedir. Biz də bu istiqamətdə araşdırmalarımızı davam etdiririk və yeni bilgilər əldə edən kimi oxucularımızı məlumatlandıracağıq.

Xəbər Lenti