Xəbər verdiyimiz kimi, “Spartak” Avropa Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə (Almaniya) cavab matçını Bakıda keçirə bilər.
Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti oyun üçün prioritet məkanın Bakı olduğunu açıqlayıb.
Məsələ ilə bağlı Azərbaycan Azarkeşlər Birliyinin (AAB) rəhbəri Atanur Cəfərli Sportinfo.az-a açıqlamasında münasibət bildirib.
Tanınmış fanat Rusiya təmsilçisinin Bakıya gəlmə ehtimalına narazılığını bildirib və onlara Belarusa getməyi tövsiyə edib:
"Bu barədə mən də mətbuatdan oxumuşam. "Spartak"ın hansısa klubumuza rəqib kimi Bakıya gəlməsini istəyərəm. Amma rəqibini burda qarşılamasını istəməzdim.
Belə istəyirlərsə, daha yaxın münasibətdə olduqları Belarusda oynasınlar. Dəstək olanları da orda daha çox olar.
İnanmıram ki, ölkəmizdə "Spartak"a böyük dəstək olsun. Düzdü, Azərbaycandan "Leyptsiq" azarkeşləri də çox azdı.
Heç olub-olmadığını da bilmirəm. Amma çox güman ki, həmin qarşılaşmada azarkeşlər Almaniya təmsilçisini dəstəkləmiş olacaqlar".
Məlumat üçün bildirək ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə gedir. UEFA isə bu ölkələrin bütün yaş qrupları üzrə milli komandalarının və klublarının UEFA bayrağı altındakı ev oyunlarını neytral meydanda keçirməsi haqda qərar verib.
"Spartak"la "Leyptsiq" arasında ilk matç martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.
XANOĞLAN

