Xəbər verdiyimiz kimi, Saşa Stamenkoviç "Sabah"dan ayrıldı.
Masazır təmsilçisi serbiyalı qapıçını böyük təmtəraqla yola saldı.
"Səbail"lə matç (3:0) onun üçün "Sabah"da sonuncu oldu. Qarşılaşmanın əvvəlində, gedişində və sonunda da Saşa xatırlandı. Hətta paltardəyişmə otağında qolkiper gözyaşlarına belə hakim ola bilmədi.
Onun ölkəmizdən ayrılmasına "Sabah"la bərabər, "Neftçi" sevdalıları da biganə qalmadı.
Belə ki, dünən son çempionun ən böyük azarkeş qrupu olan "Forza Neftçi" öz sosial şəbəkə hesablarından "Sadiq insanlar hər zaman qəlbimizdədir / Ti je naj capitan Stameni" başlığı ilə vida mesajları paylaşmağı unutmadılar.
Bununla da kifayətlənməyən fanatlar gecə saatlarında Saşanın yaşadığı binanın önünə gediblər. Fakellər yanıdırılıb, bəstələr oxunub. 36 yaşlı qapıçı da onu sevənlərə qoşulunca ortaya maraqlı görüntülər çıxıb.
Saşa Stamenkoviç 6 il "Neftçi"nin şərəfini qoruyub. Uzun müddət əvvəl bu komandadan ayrılsa da o, fanatların sevimli oyunçusu olaraq qalmaqdadır.
Xanoğlan İmanov

