"Qəbələ"dən kapitanın istəyinə REAKSİYA - "Komanda uğurlu oyunlara davam eləsə..."

3 Dekabr 2021 20:00 Azarkeş 699
"Qəbələ"dən kapitanın istəyinə REAKSİYA - "Komanda uğurlu oyunlara davam eləsə..."

Ötən tur "Qəbələ" Qarabağ"la doğma meydanda bərabərə (0:0) qalmağı bacardı.

Gərgin keçən matçı tribunalardan kifayət qədər çox azarkeşin izləməsi də görüşə əlavə rəng qatırdı.

Əbəs deyil ki, qarşılaşmadan sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov "CBC Sport" kanalına açıqlamasında bu məqama diqqət çəkərək "Azarkeşlərimiz hər oyun stadiona bugünkü kimi gəlsələr bizə də əlavə motivasiya olar" dedi.

Bölgə klubunun tək azarkeş qrupu olan "Red Black Army" azarkeş qrupunun rəhbəri Cavad Şərifli Sportinfo.az-a açıqlamasında kapitanın fikirlərinə münasibət bildirib:

"Dünyanın istənilən ölkəsində mərkəzi oyuna daha çox azarkeş gəlir. "Qəbələ"nin "Qarabağ" və "Neftçi" ilə oyunlarına gələn sayda azarkeş, təbii ki, "Sumqayıt" və ya "Səbail"lə matçlarına gəlmir.

Amma digər tərəfdən tribunalara daha çox azarkeşin gəlməsi üçün əlimizdən gələn təbliğatı aparırıq.

Məsələn, "Qarabağ"la oyundan əvvəl qrup üzvlərimiz bayraqlarla bəzənmiş maşınlarla şəhəri dövrə vurub, insanların diqqətini cəlb etməyə çalışdıq. Müəyyən qədər də bacardıq. Görənlər bunun səbəbini soruşurdu.

İnandırım ki, komandamız belə uğurlu oyunlara davam etsə, Asif Məmmədovun istəyinə uyğun olaraq hər oyunumuza bu qədər azarkeş gələr".

Cavad bəy qarşılaşmanın erkən saatlarda başlamasına da öz narazılığını bildirib: "Onu da qeyd etmək istərdim ki, qarşılaşma iş günü olmasına baxmayaraq, günorta saatlarına - 16:00-a təyin olunmuşdu.

Bu da azarkeş sayına nisbətən təsir etmiş oldu. Oyun axşam saatlarında keçirilsəydi daha çox azarkeş görə bilərdik".

Digər Xəbərlər
Xəbər Lenti