"Qarabağ" və "Neftçi"ni Qəbələdə gözləyən təhlükə - FOTOLAR

21 Sentyabr 2021 14:00 Azarkeş 1 798
"Qarabağ" və "Neftçi"ni Qəbələdə gözləyən təhlükə - FOTOLAR

Futbolun bəzəyi azarkeşdi deyiblər. Azarkeşsiz nə futbol axı?

Amma azarkeşin də öz tələbləri var - komandalarından uğurlu çıxış görmək.

Uğur yoxdusa, küskünlük yaranacağı mütləqdir. Hə, sadiq fanatlar var ki, onlara nəticə fərq etmir. İstənilən halda tribunadan komandalarına dəstək olmağı özlərinə borc bilirlər. Amma sıravi azarkeşlər üçün nəticə mütləqdir.

Götürək bölgə klubumuz olan "Qəbələ"ni. Nəticələr yaxşı olanda azarkeşlərin Qəbələ stadionunu doldurmasına şahidlik edirdik. Amma o ki, komanda bir qədər zəiflədi, arenanın tribunalarında seyrəklik hiss edilməyə başlandı.

Yeni mövsümə uğurlu başlayan Elmar Baxşıyevin yetirmələri 4 turdan sonra 10 xalla liderdi. Futbol ictimaiyyətinin rəğbətini qazanan kollektiv, həm də bu nəticələrlə həmin küskün azarkeşlərini də tədricən tribunalara qaytarmış oldu.

İlk ev oyununu üçüncü turda "Keşlə"yə qarşı keçirən komandanı 400 azarkeş tribunada dəstəkləmişdi.

İkinci ev oyununu son tur "Səbail"lə keçirən "Qəbələ" üçün artıq daha çox - 1000 azarkeş tribunalara təşrif buyurmuşdu. Kifayət qədər yüksək artımdır. Nəzərə alaq ki, hər iki rəqib də autsayder klublar olub.

Uğurlu seria davam edəcəyi halda qarşıdakı turlar azarkeş sayının yüksələn xətlə artacağı qaçılmazdır. Hətta "Qarabağ" və "Neftçi" kimi rəqiblərlə oyunlarda tribunalar tam da dola bilər (

Təbii ki, pandemiya şərtləri nəzərə alınaraq). Zamanında bu mənzərəni az görməmişik. Bölgə klubuna və onun azarkeşinə yaraşanı da budur.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!