“İmarət”dən “Forza Neftçi”yə elə bir cavab gəldi ki...

10 Sentyabr 2021 22:20 Azarkeş 3 258
“İmarət”dən “Forza Neftçi”yə elə bir cavab gəldi ki...

“İlk növbədə azarkeşləri yenidən tribunalara qayıtmaları münasibəti ilə təbrik etmək istəyirəm. Uzun ayrılıqdan sonra “Neftçi” - ”Qarabağ” dueli azarkeşlərin iştirakı ilə baş tutacaq. Bunun özü böyük hadisədir”.

“İmarət”in İdarə Heyətinin üzvü Elnur Quliyev mərkəzi oyunla bağlı Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

Ağdamlıların aparıcı azarkeş qrupunun üzvü derbiyə yaxşı hazırlaşdıqlarını və neçə nəfərlə təmsil olunacaqları haqda bunları dedi: “İmarət”in ən çox toplaşdığı oyunlar “Neftçi”ylə matçlar olub. Bu dəfə sayımız daha çox ola bilərdi. Lakin pandemiya səbəbindən müəyyən məhdudiyyətlər var ki, onlardan biri stadionlara tribunların tutumunun 50 faizi həcmində azarkeşlərin buraxılmasıdır. Ona görə də bu dəfə sayımız maksimum 400 nəfər ola bilər. Aşağı-yuxarı bu sayda olacağıq. Qeyri-adi heç nə gözlənilmir. Tribunalarda yerimizi tutub, ənənəvi şəkildə komandamızı dəstəkləyəcəyik”.

“Qarabağ”ın futbolçuları üç cəbhədə mübarizə aparır, qarşıda “Bazel”lə vacib görüş var və ən əsası, Qurban Qurbanov fasilə dönəmində tam heyətlə çalışa bilməyib. Heç şübhəsiz, bu amillər “köhlən atlar”ın çıxışına müəyyən təsirini göstərəcək.

Quliyev buna görə narahat deyil: “Narahatlığa gərək yoxdur. Əvvəla ona görə ki, aparıcı futbolçularımız olan Abdulla Zubir, Xayme Romero, Kadi Borqes, Kevin Medina istirahət üçün imkan qazandı və bu fasilə onların xeyrinə ola bilər. Digər tərəfdən, “Qarabağ”ın yerli futbolçuları üç cəbhədə mübarizə aparmağa öyrəşib, orqanizmləri artıq buna alışıb. Bəli, yorğunluq hansısa mənada özünü göstərə bilər. Lakin ciddi fəsadlara yol açacağına inanmıram. İstəyimiz “Qarabağ”ın qələbə qazanmasıdır. Təbii, “Neftçi” avrokuboklardakı uğursuzluqdan sonra özünü göstərməyə çalışacaq. Proqnozum odur ki, oyun maraqlı və bol qollu olacaq”.

Dünən “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev “Tribunadakı rəqibiniz “İmarət”ə nə demək istərdin” sualını bu cür cavablandırmışdı: “Mən heç nə demək istəmirəm. Çempionla oyuna çıxırlar. Nə deməli olduqlarını onlar düşünməlidirlər”.

Sübhanın məlum atmacasına “İmarət”dən tutarlı cavab gəldi: “Düşünməli heç nə yoxdur. Biz sözümüzü Konfrans Liqasında dedik və “Bakcell Arena”ya avrokubokların qrup mərhələsində Azərbaycanı növbəti dəfə təmsil edən komanda kimi gedirik. Məncə, başqa nəsə deməyə gərək yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu