"Kiprli azarkeşlərin hərəkətləri və Qurban Qurbanovun özündən çıxması bizi qəzəbləndirdi".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın AEL-lə ilk oyunda yerli azarkeşlərin təxribatı ilə üzləşməsinə münasibət bildirən "İmarət" azarkeş qrupunun üzvü Elnur Quliyev deyib.
O, bugünkü cavab görüşündə idman prinsiplərinin qorunmasının vacibliyini önə çəkib: "Həmin an hamımız aqressiv idik.
Oyundan sonra Qurban Qurbanov verdiyi açıqlamalarda məsələyə idman prinsiplərindən yanaşmalı olduğumuzu dedi.
Düz vurğuladı ki, bizlərə yaraşan da bu olar. Bəzən insan öz əsəblərini cilovlaya bilmir.
Biz də düşünür ki, Qurban müəllim dediyi kimi də olacaq. "İmarət" olaraq idman prinsipləri çərçivəsində komandamıza dəstək, rəqibə isə təzyiq göstərməyə çalışacağıq".
Quliyev UEFA-nın qərəzli mövqeyindən də söz açıb: "UEFA qərəzli mövqe nümayiş etdirir. Allahverdi Bağırovun şəhid olmasını biz deməsək UEFA hardan biləcək?
Lap bilsələr də bunda nə problem var? Şəklinə stadionda niyə icazə verilmir?
Allahverdi Bağırov milli qəhrəman olmaqla bərabər komandamızın həm futbolçusu, həm də baş məşqçisi olub".

