
"Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət" Konfrans Liqasının "Aşdod"la Bakıda baş tutan oyunundan öncə və oyunun gedişində Vətən Müharibəsi şəhidi olan "İmarət"çi Məhəmmədəli İbrahimlini unutmayıblar.
Sportinfo.az "İmarət"in bu addımını özündə əks etdirən fotoları sizə təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhəmmədəli İbrahimli “Vətən uğrunda” və "Suqovuşanın azad olunması" medalları ilə təltif edilib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, fanatlar hələ matçdan öncə kluba bununla bağlı müraciət ediblər.
O bildirib ki, bundan sonra dərhal UEFA-ya məktub yazsalar da, mənfi cavab alıblar: "Quruma şəkil nümunələri və onlar haqqında informasiya göndərdik ki, kim olduqları bilinsin.
Bir müddət sonra bizə cavab gəldi ki, həmin şəxslər haqqında daha ətraflı məlumat lazımdır. Biz də buna uyğun olaraq, onların komandamıza birbaşa bağlı olduqlarını yazılı şəkildə bəyan etdik.
Belarusdan olan UEFA nümayəndəsi İlona Tkaç oyun ərzində cavab gələcəyini və müsbət cavaba ümid etdiyini dilə gətirdi. Son anadək gözlədik.
Matçın startına 10 dəqiqə qalmışadək UEFA nümayəndəsinin yanından ayrılmadım, onu addımbaaddım izlədim. Hətta mənim telefonumdan İsveçrəyə zəng vurdu.
Təəssüf ki, cavab mənfi oldu. Nümayəndənin dediyinə görə, UEFA hesab edir ki, bu şəkillərin futbola bağlılığı yoxdur. Son anadək əlimizdən gələni etsək də, icazə verilmədi".