Bakı AVRO-2020 ilə bağlı turist axınına hazırdır? - FOTO

11 İyun 2021 20:30 Azarkeş 498
Bakı AVRO-2020 ilə bağlı turist axınına hazırdır? - FOTO

Bugündən etibarən Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Sportinfo.az xəbər verir ki, çempionat daxilində dörd oyun Bakı şəhərində baş tutacaq.

Oyunlarla əlaqədar azərbaycanlı azarkeşlərlə yanaşı, əcnəbi vətəndaşlar da idman hadisəsini yaxından seyr edəcəkləri üçün həyəcanlıdırlar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Bakıda baş tutacaq dörd oyun üçün 44 min biletin satıldığını bildirib. O vurğulayıb ki, bilet satışı hələ də davam edir.

Uzun müddətdən sonra turist qarşılayacaq Bakı oyunlara hazırdır?

Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırovun sözlərinə görə, Bakı şəhəri turistləri qarşılamağa tamamilə hazırdır:

“Ölkə ərazisindəki hotellərin əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir. Pandemiyanın davam etdiyi bu dövr ərzində bütün hotellərdə monitorinqlər keçirilirdi. Bu müəssisələrin təmizlik normalarına və karantin rejiminə necə riayət etdikləri ilə bağlı yoxlanışlar həyata keçirilirdi. Hazırda bütün hotellər açıqdır və tam şəkildə fəaliyyət göstərirlər. Qonaqları qəbul etməyə kifayət qədər yerimiz var”.

AVRO-2020 və karantin qaydaları...

“Nazirlər Kabinetinin 2020-ci il 1 avqust tarixli 287 saylı qərarı hotellərin pandemiya dövründə fəaliyyətinin tənzimlənməsinə həsr olunub. Qanunlara əsasən hotellərin hər bir guşəsində, eləcə də bütün otaqlarda maska və spirt olmalıdır. Qonaqların qarşılandığı bütün günlərdə hotel lobbisində ara məsafələri ilə bağlı yerdə işarələr, liftdə, resepşnda dezinfeksiyaedici vasitələr olmalıdır. Bütün bunlara əməl olunmadığı təqdirdə isə cərimələr tətbiq olunur. Otaqlar isə hotellər tərəfindən 2 ya da 3 nəfərlik olmaqla qruplaşdırılır. Restoranlarda qonaq sayı ilə bağlı məhdudiyyətlər var və buna Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur”, - deyə, R.Bağırov əlavə edib.

Qonaqlar necə qarşılanacaq?

Mərkəzin direktoru vurğulayıb ki, Bakı şəhəri üzrə dörd Turizm İnformasiya Mərkəzi mövcuddur və onlardan birincisi Heydər Əliyev adına Beynəlxalq Hava limanındadır ki, buradan qonaqlar qarşılanmağa başlanılacaq, ikincisi Üzeyir Hacıbəyli küçəsi, 36. ünvanında - Mərkəzi Poçtun binasında, üçüncüsü Nizami küçəsində, mərkəzdə, dördüncüsü isə bulvar ərazisindədir:

“Turizm İnformasiya Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-a qədər turistlərin suallarını cavablandıracaq və onları yönləndirəcək. Bundan əlavə AFFA tərəfindən iki ərazidə fanatların toplanma məntəqəsi yaradılıb. Onlardan biri “Port Baku” binasının qarşısındakı parkda, ikincisi isə “Şeytan çarxı” adlanan ərazidədir. İki komandanın fanatları hərəsi bir hissədə toplaşacaq. Burada da Turizm İnformasiya Mərkəzinin əməkdaşları müvafiq məlumatları turistlərə çatdıracaq”.

Turistləri Bakıda nə gözləyir?

Rüfət Bağırov əlavə edib ki, bu dövr ərzində qonaqlarımızın asudə vaxtlarını səmərəli keçirmələri üçün dörd qrup turları yaradılıb:

“Biz bu turlar vasitəsilə turistləri şəhərimizlə tanış edəcəyik. Bu ərəfədə Heydər Əliyev Mərkəzi turu, Atəşgah-Yanardağ turu, Qobustan və İçəri Şəhər turları həyata keçiriləcək”.

Qeyd edək ki, 2020-ci ilin əvvəlinə Azərbaycanda 642 ədəd turizm müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə qonaqlama üçün nömrələrin sayı 23 min 865, yataqların sayı isə 49 min 980 ədəddir. Bakı şəhəri üzrə isə turistik müəssisələrin sayı 203, qonaqlama üçün nömrələrin sayı 11 min 329, yataq sayı isə 20 min 740 ədəd kimi qeydə alınıb.

Nigar Məmmədova

Digər Xəbərlər
Xəbər Lenti