AVRO-2020-nin Bakıdakı oyunlarının təxirə salınması təklif olundu

6 Mart 2020 13:54 AÇ-2020 947
AVRO-2020-nin Bakıdakı oyunlarının təxirə salınması təklif olundu

İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommazi koronavirus epidemiyasına görə AVRO-2020-nin keçirilməsini təhlükəli hesab edir.

Sportinfo.az xəbər verir ki, assosiasiya rəsmisi UEFA-nın turnirin təxirə salınması ilə bağlı məsələyə baxmalı olduğunu bildirib.

Sabiq yarımmüdafiəçinin sözlərinə görə, milli çempionatların başa çatması üçün Avropa çempionatının vaxtı dəyişdirilməlidir:

"Koronavirus təkcə İtaliyanın problemi deyil. A Seriyası azarkeşsiz davam edəcək. Futbolçular arasında buna razılaşan və qarşı olanlar var.

Bütün mümkün tədbirləri görürük, amma oyunçular meydanda risk altındadır. Ən pisi, bir futbolçu virusa yoluxsa, bütün komanda karantinə alınacaq".

İtaliyada aprelin 3-dək bütün idman tədbirləri azarkeşsiz keçiriləcək. AVRO-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda start veriləcək.

Açılış matçında İtaliya və Türkiyə milliləri üz-üzə gələcək. Ertəsi gün A qrupunun digər oyununda Uels və İsveçrə seçmələri Bakı Olimpiya Stadionunda münasibətlərinə aydınlıq gətirəcək.

İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Uelslilər iyunun 21-də isə Romada İtaliya ilə qarşılaşacaqlar.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu da Bakıda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti