Bakıya gəlmək üçün verdikləri pulu geri ala bilmirlər

2 İyun 2020 12:30 AÇ-2020 1 096
Bakıya gəlmək üçün verdikləri pulu geri ala bilmirlər

Uels milli komandasının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunlarını izləmək üçün əvvəlcədən ödədikləri səyahət xərclərini almaq məqsədi ilə öz hökumətlərindən kömək istəyib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, minlərlə fanat A qrupunun oyunlarına Bakı və İtaliyanın paytaxtı Romada canlı tamaşa etmək üçün pul ödəyib.

Onlardan bəziləri məbləğlərini aviaşirkətlərdən geri almağı bacarsa da, digərləri çətinlik çəkirlər. Uels hökuməti vəziyyətin görünməmiş hadisə olduğunu bildirib.

Hökumət nümayəndəsi məsələ ilə bağlı açıqlama verib: "Ümid edirik ki, bütün səyahətçilər, o cümlədən Uelsin AVRO-2020-də oynayacağını gözləyənlər geri ödəmələri ala biləcəklər".

Ferndeyldə yaşayan Anharad Uoltersin ailəsi turnir öncəsi səyahətə 2 500 funt sterlinq xərcləyib. Valideynlər 16 yaşlı övladları Luini Bakıya gətirməyi, bundan sonra isə birlikdə Romaya getməyi planlaşdırıb.

Uçuşlar ləğv edilib və Uolters ödəmələri uzun müddət ala bilməyəcəyini düşündüyünü söyləyib. Azarkeş məsələ ilə bağlı stres keçirdiklərini deyib: "Heç kim hər hansı addımı atmadı, "Köməyə ehtiyacı olanlarla əlaqə saxlayacağıq" demədilər. Çünki orada texnologiya ilə bağlı fərasəti olmayan insanlar var".

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!