Bakıdan yalnız universitetlər yox, bu idarələr də köçürüləcək

07:30 Araşdırma 141
Bakıdan yalnız universitetlər yox, bu idarələr də köçürüləcək

Günlərdir bir sıra universitetlərin köçürülməsi qərarı gündəmə gəlib.

Bu proses regionlarda həm təhsil müəssisələrinin yerləşməsini, həm də yeni infrastruktur və iş imkanlarını əhatə edir.

Universitetlərin daşınması tələbə və müəllim heyətinin hərəkətliliyini artırır, ətraf mühitdə dəyişikliklərə səbəb olur.

Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə demokrat.az-a bildirib ki, universitetlərin köçürülməsi ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik:

"Təkcə universitetlər deyil, eyni zamanda bir sıra nazirliklər, mərkəzi icra qurumları, komitələr, həm ali, həm də orta-texniki təhsil müəssisələrinin bir hissəsinin regionlara köçürülməsi olduqca vacib məsələlərdəndir və artıq bu istiqamətdə ciddi addımlar atılmalıdır. Bakı şəhəri kifayət qədər yüklənib və bu yüklənmə artıq ciddi problemlərə səbəb olur. Bakı əvvəllər 2 milyon insan üçün nəzərdə tutulmuşdu, sonradan isə əhali artıb və bu iki dəfədən artıq yük ciddi çətinliklər yaradır".

Deputat deyib ki, eyni zamanda, regionların inkişafı baxımından da bu məsələ olduqca əhəmiyyətlidir:

"Yeni iş yerlərinin açılması və universitetlərin köçürüləcəyi bölgələrdə digər infrastrukturun inkişafı ilə yanaşı əlverişli mühit formalaşa, iqtisadi canlanma yarana bilər. Bu, indiki dönəmdə vacib məsələlərdəndir və onu mütəmadi olaraq gündəmə gətirməyə çalışırıq. Ümid edirik ki, bu istiqamətdə nəhayət ciddi addımlar atılacaq".

Deputat Ceyhun Məmmədov isə deyib ki, universitetlərin fəaliyyəti yalnız təhsil sahəsinə töhfə vermir, eyni zamanda yerləşdiyi bölgənin sosial və iqtisadi inkişafına da ciddi təsir göstərir:

"Bu baxımdan universitetlərin regionlara köçürülməsi həm təhsil, həm iqtisadi, həm də sosial baxımdan bir neçə məqsədə xidmət edir.

Birinci vəzifə sıxlığın aradan qaldırılmasıdır. Universitetlərin regionlara köçürülməsi bu problemi xeyli azaldacaq və şəhərlərdəki sıxlığı yüngülləşdirəcək.

İkinci və ən önəmli tərəf isə bölgələrin inkişafı ilə bağlıdır. Universitetlərin köçürüldüyü bölgələr yeni imkanlarla zənginləşir. Bu, həmin bölgələrin iqtisadi tərəqqisinə təkan verir, sosial həyatın canlanmasına səbəb olur və yerli əhalinin bilik və bacarıqlarının artırılmasına kömək edir. Universitetlər bölgələrdə dirçəliş və tərəqqi üçün katalizator rolunu oynayır.

Məsələyə bu baxımdan yanaşdıqda, aydın olur ki, universitetlərin regionlara köçürülməsi yalnız təhsil müəssisələrinin fəaliyyətini deyil, eyni zamanda bölgələrin həyatını da dəyişdirir. Bu proses bölgələrdə mövcud olan infrastrukturun, iqtisadi imkanların və sosial fəaliyyətlərin inkişafına töhfə verəcək. Nəticədə bölgələrimiz daha aktiv, daha cəlbedici və daha inkişaf etmiş bir mühitə çevriləcək.

Bu addım həmçinin universitetlərin öz inkişafı üçün də əhəmiyyətlidir".

Hazırda Bakıda cəmləşən tələbə kontingentinin böyük hissəsinin rayonlardan gəldiyini nəzərə alsaq, bu dəyişiklik onların yaşayış şəraitinə də müsbət təsir göstərə bilər. Regionlarda yaradılacaq müasir kampus tipli universitetlər təkcə təhsil ocağı deyil, həm də mədəniyyət və innovasiya mərkəzləri kimi çıxış edəcək. Bu isə yerli gənclərin paytaxta axınının qarşısını almaqla bərabər, rayonlarda intellektual potensialın qorunmasına xidmət edəcək.

Universitet şəhərciklərinin salınması həmin ərazilərdə xidmət sektorunun, xüsusilə iaşə, nəqliyyat və kirayə mənzil bazarının canlanmasına təkan verəcək. Eyni zamanda bəzi dövlət qurumlarının şəhər mərkəzindən kənara çıxarılması paytaxtın nəqliyyat strukturuna nəfəs verə bilər. Belə bir genişmiqyaslı yerdəyişmə təkcə tələbələrin deyil, müəllim heyətinin və texniki işçilərin də sosial vəziyyətinin, mənzil təminatının yaxşılaşdırılması üçün yeni proqramların hazırlanmasını tələb edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti