Premyer Liqanın qarşıdakı 8 turu təkcə avrokuboklara vəsiqə qazanmaq istəyənlər yox, həm də elitadakı yerini qorumaq istəyində olanlar üçün həyat əhəmiyyəti daşıyacaq.
Belə oyunlardan biri aprelin 5-də Yevlaxda baş tutacaq ki, “Kəpəz” nəminal meydan sahibi qismində “Qəbələ”ni qəbul edəcək.
İki həftə əvvəl “Qarabağ”ı məğlub etməklə xalların sayını 21-ə çatdıran Gəncə təmsilçisi vəziyyətini kifayət qədər yaxşılaşdırıb.
Əvəzində, “Qəbələ”dəkilərin narahatlığı son həddə çatıb. Bu görüşü qəbələlilər üçün “ölüm-qalım” mübarizəsi adlandırmaq olar.
“Kəpəz” matçı qalib başa vuracağı halda, aradakı 5 xallıq fərq 8-ə yüksələcək. Bununla da Azər Bağırovun komandası son iki pillədən xeyli uzaqlaşacaq, hətta 9-cu yerdəki “İmişli”ni geridə qoymaq imkanı yaxalayacaq.
Başqa cür desək, Premyer Liqadakı yeri qorumaq şansının öhdəsindən böyük ölçüdə gələcək.
Qəbələlilər isə “Karvan-Yevlax”ın nəfəsini hiss etdikcə sonuncu olmamağın planlarını cızıb, pley-offda oynamaq barədə düşünəcək.
Yox, əksi yaşansa, yəni “Qəbələ” meydanı qalib tərk etsə, hə, o zaman əsl həngamə başlayacaq.
Kaxaber Tsxadadzenin nəzarətində olan komanda ilə “Kəpəz”in fərqi 2-yə enəcək, növbəti turlarda 11-ci olub pley-off oynamamaq üçün “Kəpəz”, “İmişli” və “Qəbələ” arasında sözün əsl mənasında qırğına şahidlik edəcəyik.
Gəncəlilərlə qəbələlilərin cari mövsümdəki şəxsi görüşlərində bərabərlik müşahidə olunmaqdadır. 5-ci turda “qırmızı-qaralar” Qəbələdə 3:0 hesablı inamlı qələbəyə sevinmişdisə, 15-ci turda “sarı-göylər” Ryonosuke Ohorinin yeganə qolu sayəsində 3 xalı bayram etmişdi.
Qısası, “Kəpəz” qalib gəlsə, elitada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gələcək, üstəlik, 9-cu yerə yüksəlmək şansı yaranacaq. “Qəbələ” isə son tura qədər Premyer Liqadakı yerini qorumağın narahatlığını yaşayacaq.
“Qəbələ” udsa, “Karvan-Yevlax”ın I Liqaya gedişinə şübhə yeri qalmayacaq, üstəlik, mövsümü 9-10-cu pillələrdə başa vurmaq üçün mübarizə qızışacaq.
Aprelin 5-də Yevlax şəhər stadionunda baş tutacaq duelin start fiti saat 15:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

