COP29

“Bilirəm, canım əldən gedir, ancaq vətən də əldən gedir” - VİDEO

24 May 18:50 Araşdırma 344
“Bilirəm, canım əldən gedir, ancaq vətən də əldən gedir” - VİDEO

Milli Qəhrəman Yusif Mirzəyevin doğum günüdür.

Yusif Mirzəyev 1958-ci il mayın 23-ü Naxçıvanın Böyükdüz kəndində anadan olub.

1990-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilib.

Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnib. Buna baxmayaraq o, Birinci Qarabağ müharibəsinin başladığını eşidərək könüllü cəbhəyə yollanıb.

Y.Mirzəyev Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 14 nəfərlik dəstəsi ilə birlikdə müxtəlif istiqamətlərdə düşmənə qarşı mübarizə aparıb. Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub.

Lakin bir müddət keçdikdən sonra onun səhhəti pisləşib. Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alıb. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyib ki, “mən vətənpərvərlik mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbətdən sonra Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirib. Və Şəmistana bu mahnını oxumasını xahiş edib. Ş. Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verib. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirib. Səhhətinin ağır olduğu deyilsə də o, “bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir” deyərək yenidən cəbhəyə qayıdıb.

O, 1993-cü ilin fevralın 19-da Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən şəhid olub. Naxçıvan Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şəmistan Əlizamanlı isə “İgid əsgər, möhkəm dayan” mahnısını oxuyaraq Milli Qəhrəmanımız Yusif Mirzəyevə həsr edib.

Y. Mirzəyev ailəli idi, bir qız övladı yadigar qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 16:10 Çək və bizə göndər!
22 İyun 10:40 Səmərəni burada gör!