Tanınmış müğənni və aktyor futbola görə… MARAQLI MƏQAMLAR

2 Fevral 2023 02:50 Araşdırma 565
Tanınmış müğənni və aktyor futbola görə… MARAQLI MƏQAMLAR

Dünyanın futbol tarixi maraqlı hadisələrlə zəngindir.

Bu zənginliyə təkcə qələbə və məğlubiyyətlər, böyük hesablar, yaşıl meydançalarda oyunçu-hakim mübahisələri aid deyil, o cümlədən azarkeşlərin də bu oyuna qarşı xəstəlik dərəcəsində bağlılığı futbol tarixinə bir-birindən maraqlı hadisələr həkk edib.

Belə maraqlı hadisələrdən biri də 1970-ci ildə Meksikada keçirilən futbol üzrə dünya çemrionatı zamanı baş verib. Həmin çempionatda SSRİ yığması da iştirak edib. Dörddə bir finala qədər yüksələn sovet futbolçuları iyunun 14-də Uruqvay yığması ilə qarşılaşıblar.

Digər ölkələrdə olduğu kimi, SSRİ-də də çempionatın oyunları maraqla izlənilib. SSRİ-Uruqvay matçını isə sovet azarkeşləri səbirsizliklə gözləyiblər. Kreml məmurlarından, Leonid Brejnevdən tutmuş sıravi vətəndaşlara qədər bu matçın nəticəsi hamıda sonsuz maraq yaradıb.

original (1).jpg (183 KB)

Milyonlarla azarkeşin arasında tanınmış müğənni, kino və teatr aktyoru, bəstəkar, şair, milyonların sevimlisi olan Vladimir Vısotski də sovet futbolçularının Meksikadakı oyunlarını həyəcanla izləyib. Dörddə bir finaldakı oyun zamanı isə Vısotski Suxumidə qastrolda olub. İyunun 14-də SSRİ-Uruqvay matçının başlandığı saatda Moskvadan gələn aktyorların Suxumidə tamaşası planlaşdırılıb və artıq biletlər də satılıb. Tamaşaların vaxtı aktyorlara təqdim ediləndə futbolla tamaşanın vaxtının eyni saata düşməsi Vısotskinin narazılığına səbəb olub və o, etirazını gizlətməyib:

- Biz həm tamaşada oynamalıyıq, həm də futbola baxmalıyıq. Bu oyunu buraxmaq olmaz. Nəsə fikirləşmək lazımdır.

Truppa rəhbəri bunun mümkün olmadığını bildirib:

2208adc0f960e86be439a2311436144d.jpg (91 KB)

- Biletlər satılıb, ətraf rayon və qəsəbələrdən kilometrlərlə məsafə qət edib tamaşaya baxmaq üçün Suxumiyə gələnlərin sayı da az deyil. Biz heç nəyi dəyişə bilmərik. Futbola görə tamaşanı təxirə salmağı heç kim ağlına gətirməsin. Buna görə Mədəniyyət Nazirliyi bizə sağ ol deməyəcək.

Vısotski aktyorların qarşısına çıxaraq fikrini bildirib:

- Biz futbolu buraxmayacağıq, amma tamaşa da olacaq...

Öz qanunları ilə yaşayan müğənni məsələni də özünəməxsus həll edib. O, heç kimlə məsləhətləşmədən Abxaziyanın partiya rəhbərləri ilə əlaqə yaradıb. Kiçik ranqlı məmurlar Vısotskiyə kömək edə bilməyiblər. Nəhayət, müğənni Abxaziya vilayət partiya komitəsinin birinci katibi Valerian Kobaxiyanın qəbuluna gedib. Birinci katib populyar müğənini hörmətlə qarşılayıb və elə düşünüb ki, Moskvadan gələn aktyorların mehmanxana, qalma şəraitləri, qidalanma məsələlərində problem var. Vısotski birbaşa mətləbə keçib:

- Valerian Osmanoviç, biz futbola baxmaq istəyirik.

Vısotskinin bu cür girişi birnci katibi təəccübləndirib:

images-5393-1538089460-620x494.jpg (101 KB)

- Bu gün hamı futbola baxacaq. İnanıram ki, SSRİ yığması hamımızı sevindərəcək. O cümlədən sizi də. Əgər istəsəniz bizim inzibati binanın akt zalında da televizor var, matçı oradan da seyr edə bilərsiniz. Amma mən bilən, sizin qaldığınız mehmanxanada da nömrələrdə televizor var.

- Problem televizorda deyil. Biz istənilən bir evdə də gedib futbola baxa bilərik. Problem ondadır ki, futbolla tamaşa eyni saatda başlayır. Siz göstəriş verin, tamaşanın vaxtını bir neçə saat ya əvvələ, ya da sonraya təyin etsinlər.

Məsələni anlayan birinci katib Vısotskinin problemini təbəssümlə qarşılayıb, elə Vısotskinin yanında mədəniyyət şöbəsinə zəng vuraraq müvafiq tapşırıq verib.

Beləliklə, Moskvadan gələn aktyorlar Vısotskinin sayəsində mehmanxanada rahatlıqla matçı seyr ediblər. Növbəti gün birinci katib tamaşaya gəlib. Tamaşadan sonra aktryorlarla görüşüb, onlara minnətdarlığını bildirib. Vısotskiyə çatanda müğənni atmacasını saxlaya bilməyib:

- Valerian Osmanoviç, amma siz deyən olmadı.

- Niyə? Mən dediyimi etdim, tamaşanın vaxtını dəyişdim.

493ca5ccd1f4ab2c315308581c6cab0d.png (362 KB)

- Yox, mən başqa şeyi nəzərdə tuturam. Siz dediyiniz kimi, SSRİ yığması bizi sevindirmədi.
Birinci katib də öz zarafatından qalmayıb:

- Bu artıq mənim gücüm və səlahiyyətim daxilində deyil. Mən sadəcə birinci katibəm. Bu məsələni Moskvada həll edərsən.

Qeyd edək ki, dörddə bir finalda SSRİ yığması Uruqvay futbolçularına 1-0 hesabı ilə məğlub olub. Bu məğlubiyyət digər azarkeşlər kimi Vısotskini də məyus edib.

Vısotski uşaqlıq illərindən futbola maraq göstərib. O, MOİK (Mərkəzi Ordu İdman Klubu) klubuna azarkeşlik edib. Atası hərbçi olduğundan bu komanda ona daha doğma görünüb. Müğənni heç vaxt qatı futbol azarkeşi olduğunu dilə gətirməyib, müsahibələrinin birində bu məsələyə münasibətini aşağıdakı kimi bildirib: “Mənim psixoloji problemim yoxdur, mən xəstə deyiləm, mən azarkeş olsam, stadionda ölərəm...”

754770467889840.jpg (58 KB)

Əslində isə heç də onun futbola münasibəti söylədiyi kimi olmayıb. Vısotski bu oyuna sonsuz marağı sayəsində futbol haqqında beş mahnı yazıb. Daha çox isə SSRİ yığması xaricdə oynayanda futbol həyəcanını boğa bilməyib. Həmçinin onun tanınmış sovet futboçuları ilə dostluq əlaqələri də olub.

Müğənni mötəbər futbol tədbirlərinə dəvət alsa da, çox vaxt bu tədbirlərdən “orada partiya məmurları çoxdur” deyə imtina edib. O, futbolçulara öz ehtiramını başqa məkanlarda nümayiş etdirib, onları qonaq çağırıb, SSRİ-nin futbol şərəfini qoruyanlara təmənnasız konsert verib (musavat.com).

İlham Cəmiloğlu

Digər Xəbərlər
Xəbər Lenti