Müasir futbolun özəlliyi – 1 saniyədə ya top gedir, ya topuq

29 Noyabr 2022 14:00 Araşdırma 323
Müasir futbolun özəlliyi – 1 saniyədə ya top gedir, ya topuq

Maradonanın yaşıl meydanlarda, gənc nəslin sözü ilə desək, hoqqa verdiyi illərdə futbol azarkeşi olan kəndçilərimiz onun barəsində bir bənzətmə icad etmişdilər, deyirdilər, kopolunun gədəsi elə bil təpə başından dığırlanıb gedən boçkadır (çəllək), durdurmaq olmur.

Bunu ona görə deyirdilər ki, rəhmətlik gerçəkdən də topu götürüb gedəndə hələm-hələm yıxılmazdı.

Düzdür, onun da topuğuna, dizinə təpik vururdular, bəzən yerdə döşəli də qalırdı, amma indikilər qədər deyildi. Hər halda adamın topla birlikdə 60-65 metr qaçaraq, 5-6 rəqibini keçərək qol vurduğu hallar olub (birinin videosunu tez-tez göstərirlər).

İndi elə şey eləmək mümkün deyil. Heç kəs 6 rəqibini keçə bilməz. İkisini keçər, amma üçüncü dərhal təpiyi onun dizinə, baldırına, qasığına qoyar və meydana həkimlər girər.

pyatyj-den-chm-2022-onlajn_1669323777940000575.jpg (104 KB)

Futbol çox vəhşiləşib artıq. Qatarda keçirilən mundiala baxanda adamın əti ürpəşir. İstənilən ikili mübarizənin, top qəbulunun axırında futbolçulardan biri yerdə, ağrı-acı çəkə-çəkə, qıvrıla-qıvrıla qalır. Cüdo cüdodur, orada rəqibin kimonosundan bu qədər dartışdırmırlar ki, müasir futbolda dartırlar, hətta yapışıb ipponluq fəndlər işlədirlər. O gün Neymarın köynəyini dartıb əynindən çıxardılar. Mbappenin şortiki gündəyməzindən getmək üzrəydi, birtəhər yığışdırdı.

66.jpg (187 KB)

Dünən Uruqvay millisinin müdafiəçiləri 1 saniyənin içində Portuqaliyanın iki oyunçusunu xosunvay elədilər. Hələ hakimə də dirəşmişdilər ki, “nə olub, oyunu niyə saxlayırsan, mən heç nə eləmədim”. İki metr aralıda yerə döşənmiş futbolçunun ayağına keyidici püskürdürlər, bu da hakimin üstünə kükrəyir ki, oyun epizoduydu, heç nə yox idi. 3 dəqiqə keçir, kobud oyunçunun özünə də bir “oyun epizodu” təşkil edirlər, əlini yuxarı qovzayıb hakimdən rəqibə sarı kart verməyi tələb edir.

Keçmiş vaxtın futbol ulduzları indi 15 dəqiqə oynaya bilməzlər, ya xərəkdə çıxarlar, ya da eləcə ora-bura qaçarlar, ayaqlarına top dəyməz. Çünki futbol çox sürətlənib, bir saniyədə ya top gedir, ya da topuq.

Bu, artıq milyonların sevimli tamaşası olan və “idmanın şahı” olan oyun deyil, milyardlarla dolların dövr etdiyi, ətrafında böyük qumar təşkil edilmiş biznes kompaniyası və kampaniyasıdır. Gündən-günə bu sektorun ləzzəti qaçır, iyrənclikləri artır. Müasir “qul bazarı” artıq futboldadır və indiki qulların qiyməti 10-100 milyon arasındadır. Aşağı yeri də var, yuxarı yeri isə lap yuxarıdır.

999.jpg (110 KB)

Fikir verirsinizsə, ən pullu ölkələrin milli komandalarında cəmi 3-4 yerli, aborigen xalqın nümayəndəsi olur. Yerdə qalanların ya əcdadları, ya da özləri üçüncü dünya ölkələrindən gəlmiş oyunçulardır. Məsələn, Kanada millisinin əsas heyətinin 8 üzvü Afrika mənşəlidir. Sanasan, muzdla müharibəyə cəlb edilmiş qladiatorlardır. Fransa millisi elə, Belçika, İngiltərə, ABŞ yığması o cür, Hollandiya o təhər, Braziliya daha betər. O “qladiatorlar”dan İsveçrədə, Almaniyada da var.

Bu da ona görə elədir ki, müasir futbol artıq savaş, müharibə səciyyəsi alıb və burada yalnız fiziki baxımdan hazırlıqlı, döyüşkən qullar lazımdır. Hərçənd indiki futbol qullarının hamısı milyonçudur, ən bahalı villalarda yaşayır, ən lüks avtomobillər sürür, ən gözəl modellərlə oturub-dururlar. İndiki “qul”ların şəxsi və intim həyatı Spartakın, Maksimusun vaxtındakı kimi deyil. Amma döyüşməyə, zədələnməyə gəlincə, aşağı-yuxarı, eynidir. Bircə o qalır ki, tribunadan döyüşə baxan hökmdar baş barmağını yerə tuşlaya, “öldür!” qışqıra.

665.jpg (96 KB)

Ona görə də, açığı, futbol artıq ləzzət eləmir. Adam elə bilir, döyüş filminə baxır. Bunun da öz xiridarları var. Uşaq vaxtı biz də “davalı filmləri” sevərdik, amma onu futbola qatmazdıq, futbolu ayrıca sevərdik. İndi ikisi birindədir.

Gələn il daha pis olacaq, o biri il bundan da betər. Bu gedişlə ola bilər ki, yaxın gələcəkdə futbolu zorakılığın, vəhşiliyin təbliğ olunduğu zərərli oyun növü hesab edərək, qadağan eləsinlər və ya futbol matçının transliyasının 18+ işarəsi altında verilməsini tələb etsinlər. Hələ bura “millətlərarası nifaqın qızışdırılması” amilini də əlavə etmək olar. Çünki milli komandaları qarşılaşan ölkələr az qalırlar bir-birilə müharibə etsinlər.

Uzun sözü kəsəsi, harada çox pul var, orada çox zibil var.

Samir SARI

Digər Xəbərlər
Xəbər Lenti