Futbol adamlarının gizli varidatı – ŞOK "Pandora dosyesi”!

16 Oktyabr 2021 14:20 Araşdırma 924
Futbol adamlarının gizli varidatı – ŞOK "Pandora dosyesi”!

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) dünyanın minlərlə varlı insanının ofşor zonalarda olan hesabları ilə bağlı "Pandora dosyesi”ni (Pandora Papers) dərc edib.

Siyahıda futbol dünyasından da üç nəfərin adı var: Xosep Qvardiola, Karlo Ançelotti və Anxel Di Maria.

"Pandora dosyesi” nədir?

Bu dosye Panama, Britaniyanın Vircin adaları və Baham adaları kimi ölkələrdə çirkli vəsaitin "yuyulması” xidmətləri göstərən 14 şirkətin məlumatlarının təhlilinə əsaslanan araşdırmadır. Müstəntiqlərin əldə etdikləri məlumatlarda 200-dən çox ölkədən olan iş adamlarının, siyasətçilərin, ulduzların, idmançıların, kral ailələrinin üzvlərinin və dini qrupların liderlərinin vergidən yayınmaları haqqında məlumatlar var. Təxminən 2 il ərzində 11,9 milyondan çox fayl araşdırılıb. Ən çox məlumat isə İngiltərə, Rusiya, Braziliya, Argentina və Çindən gəlib.

Qvardiolanın Andorradakı hesabı

"Mançester Siti"nin baş məşqçisinin adı ofşor xidmətləri göstərən "Alcoqal” hüquq firmasının siyahısındadır: bu firma Panamanın "Repox Investments” ofşor firmasının qanuni nümayəndəsi kimi siyahıya alınmışdır. 2007-ci ilin fevralında yaradılıb. Araşdırmalar nəticəsində bəlli olub ki, bu şirkəti yaratmağı Andorradakı "Banca Privada d'Andorra” (BPA) bankı təklif edib. Bu bankda Pep üçün depozit hesabı açılmışdı. Həmin vaxt bu ölkənin banklarının müştərilərin kimliyini gizlətmək üçün saxta şirkətlər yaratması adi hal idi.

Qətərdə qazandı, amnistiya "təmizlədi”

Həmin banka Qvardiolanın Qətərin "Əl-Əhli” klubunda çıxış etdiyi vaxt (2003-2005) aldığı vəsait daxil olub. Pep bu ölkədə mövsümə 2 milyon avrodan çox məvacib alıb. Məşqçinin vergi məsləhətçisi bildirib ki, Andorra vətəndaşı olmadığı üçün bu ölkənin banklarında saxlanılan vəsait vergiyə cəlb edilməyəcək. Həmin vaxt bu vəsaiti İspaniyada saxlamaq əlverişli sayılmırdı. Çünki İspaniya Vergi Agentliyi Pepi vergi bəyannaməsi verməyə məcbur edə bilərdi. Baxmayaraq ki, o, ərəb ölkəsində yaşayır və işləyirdi. Bu vəsait 2012-ci ilə qədər Andorra bankında saxlanılıb. Bu müddətdə vəsaitdən alınan faizlər barədə İspaniya Vergi Agentliyinə heç bir məlumat verilməyib. Həmin ilin aprelində İspaniya hakimiyyəti vergi amnistiyası elan edən qanun layihəsini təsdiqləyib. Qvardiola bu amnistiyadan yararlanan 30 min insandan biri olub.

Ançelottinin 25 milyonluq imic hüququ

"Real”ın baş məşqçisi Karlo Ançelotti sənədlərdə Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş və Londonda yerləşən "Appledore Wealth Management” firması tərəfindən idarə olunan "Vapia Limited”in müştərisi kimi göstərilib. Araşdırmalara görə, bu şirkət Ançelottinin 25 milyon avro dəyərində olan imic hüquqlarını idarə etmək üçün yaradılıb.

1 milyon avroluq etiraf

İspaniyada Ançelottinin 2013-2015-ci illərdə törətdiyi vergi cinayətləri haqda uzun müddətdir ki, araşdırma aparılır. Bu ilin iyununda italyan mütəxəssis 1 milyon avrodan çox vəsaiti vergidən yayındırdığını etiraf etdi. O, bu məbləği vergi idarəsinə ödədi və məhkəmədə bildirdi ki, məqsədi vergidən yayınmaq olmayıb, sadəcə pis məsləhət alıb. Amma məsələ bununla bitmir. Müstəntiqlər Ançelottini imic hüququndan əldə etdiyi vəsaiti vergi bəyannaməsindən gizlətməkdə də ittiham edirlər.

Yeganə sahib

Argentinalı futbolçu Anxel Di Mariya 2009-cu ildə imic hüquqlarını idarə etmək üçün Panamada yaradılan şirkətin yeganə sahibidir. Ofşor şirkəti "Sunpex Corporation Inc” reklam gəlirlərini qəbul edib. O cümlədən "Adidas” və "Coca-Cola” kimi iri şirkətlərdən gələn vəsaiti də. Maliyyə aktivləri isə İsveçrədəki bank hesabından idarə edilib. Bu hesaba dollar, avro və funt sterlinqlə, təxminən 1,5 milyon vəsait yığılıb. 2016-cı ilin sonunda isə "Sunpex”in ümumi aktivləri 9,5 milyon dollara çatıb.

Özünün xəbəri olmayıb?

Futbolçunun yaxınları bildirirlər ki, saxta şirkətin açılması mühasibin tövsiyəsi ilə olub. Bunun İspaniya qanunlarına zidd olduğundan (həmin vaxt Di Mariya "Real”da çıxış edirdi) isə futbolçu məlumatsız olub. "Sunpex” hələ də Di Mariyanın bütün imic hüquqlarına sahibdir. Amma futbolçu 2015-ci ildən bəri Fransada qazandığı vəsaitə görə vergi ödəyir. Ən azından argentinalının yaxın ətrafı bunu iddia edir. İndiki halda, heç bir zərər olmadan saxta şirkəti ləğv etmək mümkün deyil. Belə olacağı təqdirdə isə ofşor zonada olan vəsait onun şəxsi aktivlərinə daxil olacaq ki, futbolçu da bu vəsaitin 20 faizini Fransanın vergi orqanına ödəməli olacaq.

Tural MUXTAR

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"