Koronavirusdan sağalanları yenidən virusa yoluxduracaqlar

3 May 17:10 Araşdırma 645
Koronavirusdan sağalanları yenidən virusa yoluxduracaqlar

Sportinfo.az xəbər verir ki, Böyük Britaniyada koronavirus xəstəliyindən sağalmış gənclər canlı elmi təcrübə məqsədilə yenidən virusa yoluxdurulacaqlar.

Xəbərdə bildirilir ki, təcrübəni Oksford Universiteti planlaşdırır. “Human challenge” (“Canlı təcrübə”) adlanan kliniki sınaqda məqsəd virusa təkrar yoluxmuş insanların orqanizmində immun sisteminin reaksiyasını öyrənmək, xəstəliyə qarşı daha etibarlı müqavimət əldə etməyin yollarını tapmaqdır.

Tədqiqata COVİD-19 xəstəliyindən sağalmış 18-30 yaş arası gənc könüllülər cəlb ediləcəklər. Onlar həkimlərin nəzarəti altında yenidən virusa yoluxdurulacaqlar.

İştirakçılar 17 gün karantin rejimində xəstəxanada tədqiqatçıların nəzarəti altında qalacaqlar. Xəstəxana şəraitində nəzarət virus tam təhlükəsiz hala gələnə qədər davam edəcək.

Tədqiqata qatılan gənclərin hər birinə bu sınağa görə 5000 funt sterlinqədək pul veriləcək.

Ən son araşdırmalar göstərib ki, gənclər infeksiyaya bir dəfə yoluxmaqla koronavirusdan tam müdafiə olunmurlar. ABŞ-da aparılan tədqiqat zamanı koronavirusdan sağalan gənclərin 10 faizinin təkrar bu infeksiyaya yoluxduğu müşahidə edilib.

“Sky News” qeyd edir ki, koronavirusla əlaqədar aparılan tədqiqatlar malyariya, vərəm, tif, vəba və qrip kimi infeksiyaların müalicəsinin də təkmilləşdirilməsində rol oynayır. “Human challenge” (“Canlı təcrübə”) təcrübəsinin nəticəsinin də bu baxımdan geniş miqyasda əhəmiyyətli olacağı gözlənir.

Tədqiqatın rəhbəri professor Helen Makşeyn müşahidə altında aparılacaq bu sınağın başqa tədqiqat növlərindən fərqləndiyini vurğulayıb: “Çünki təbii yolla yoluxan adamlardan fərqli olaraq burada pasiyentlər əvvəlcədən nəzarət altında saxlanacaqlar. Biz iştirakçıları virusa təkrar yoluxdurmaqla immun sisteminin birinci yoluxma zamanı infeksiyaya reaksiyasını dəqiqləşdirəcək və virusun bədəndəki həcmini daha aydın təyin etmiş olacağıq.

Bu təcrübə bizə yeni testlərin hazırlanmasında da yardım göstərəcək. Yeni testlər insanların təkcə yoluxub-yoluxmadığını deyil, həm də ümumiyyətlə virusdan nə dərəcədə müdafiə olunduğunu bilməyə imkan verəcək”.

Virusa təkrar yoluxmadan sonra il ərzində müntəzəm müayinələr aparılacaq, immun sisteminin yaratdıği reaksiyalar izlənəcək. Bütün bunlar koronavirusa qarşı daha təsirli peyvəndlərin hazırlanmasına, orqanizmdə virusa müqavimətin saxlandığı müddəti daha dəqiq müəyyən etməyə imkan yaradacaq.

Sınaq zamanı COVİD-19 infeksiyasının Çinin Uhan bölgəsindən gətirilmiş variantından istifadə olunacaq. Alimlər bunu həmin variant haqda daha çox bilginin olması ilə izah edirlər. Ancaq tədqiqatçılar digər variantların da sınaqdan keçiriləcəyini istisna etmirlər.

Digər Xəbərlər
Xəbər Lenti