Prezident İlham Əliyev Xankəndinin taleyini elan etdi

2 Mart 2021 02:38 Araşdırma 3 004
Prezident İlham Əliyev Xankəndinin taleyini elan etdi

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinin gələcək taleyi ilə bağlı suallara artıq aydınlıq gəlməyə başlayıb.

Belə ki, son vaxtlar həmin ərazilərdə baş verənlər Azərbaycan cəmiyyətində müəyyən narahatlığa yol açmaqdaydı. Və orada yaradılmaqda olan süni problemlərin necə həll ediləcəyi müzakirə olunmaqdaydı.

Əslində, Azərbaycan cəmiyyəti üçün anlaşılmaz olan elə bir ciddi hüquqi məsələ demək olar ki, mövcud deyil. Çünki, hələlik Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olsa da, Xankəndi və ətraf ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və bu, beynəlxalq hüquq çərçivəsində artıq çoxdan təsbit olunub.

Ancaq ermənilər Xankəndi və ətraf bölgədə müəyyən təxribat xarakterli addımlar atırdılar. Müxtəlif yolverilməz hüquq pozutularına yol verirdilər. Bununla da, qondarma "dqr" avantürasını gündəmdə saxlamağa çalışırdılar.

arutyunyan-baxca.jpg (24 KB)

Məsələn, guya özlərinə yenidən ordu yaratmaq niyyətinə düşmüşdülər. Halbuki, ordunun yaradılması üçün ilk növbədə "dövlət"in olması lazımdır. Ermənilər nə qədər manipulyasiya etsələr də, belə bir "dövlət" mövcud deyil və ola da bilməz.

Azərbaycan ərazisində ikinci dövlətin olması qətiyyən mümkün deyil. Rəsmi Bakı buna heç bir halda imkan verməz. Hətta ermənilərin çox güvəndikləri Rusiya sülhməramlı qüvvələri belə, Azərbaycan dövlətinə öz ərazilərində suveren hüquqlarını bərpa etməyə əngəl törədə bilməz. Rusiya sülhməramlı qüvvələrinin belə missiyası və səlahiyyətləri mövcud deyil.

Digər tərəfdən, ordu quruculuğu külli miqdarda maliyyə vəsaiti tələb edən sahədir. Xankəndiyə yaşamaq üçün geri dönən ermənilər belə maliyyə qaynaqlarına malik deyillər. Araik Arutyunyanın separatçıları isə öz təxribatçı davranışları ilə həmin bölgədə yaşayan ermənilərin gələcəyini böyük riskə atırlar.

Vaxtilə həmin ərazilər Ermənistan ordusunun işğalı altında olduğundan rəsmi İrəvan bölgədə yaşayan ermənilərin xərclərini ödəməyə çalışırdı. Ancaq işğal dövrü sona çatıb, ərazilər azad edilib. İndi işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan dövlətinin siyasi-iqtisadi resursları hegemon olacaq. Ermənistan isə hazırda özü ordusuz qalıb.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

Bir müddət öncə daha bir avantürist təxribata əl atan erməni separatçıları rus dilini ikinci rəsmi dil elan etmişdilər. Halbuki, ağılları olsa, bunun mümkün ola biləcəyinə heç özləri də inanmazlar. Çünki, Azərbaycan ərazisində hansı dilin rəsmi xarakter daşıdığı Xankəndidə deyil, Bakıda həll edilir. Və bu məsələ Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra birmənalı şəkildə həll olunub.

Azərbaycan Prezidenti İlham Əliyev son mətbuat konfransında bu məsələyə birdəfəlik son nöqtəni qoydu. Prezident İlham Əliyev açıq mətnlə bəyan etdi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan dili rəsmi dil statusuna malikdir. Yəni, hər hansı başqa bir dil rəsmiyyət qazana bilməz.

Azərbaycan Prezidenti bu açıqlaması ilə ermənilərə önəmli mesaj vermiş oldu. Belə ki, Azərbaycan ərazisində, o cümlədən, Xankəndi və ətraf bölgədə erməni dili belə, keçərli deyil. Xankəndi və ətraf bölgədə erməni dilinin belə, rəsmi dil statusu olmayacağı təqdirdə, separatçıların rus dili ilə bağlı avantüraları sadəcə, mənasız və gülünc görünür.

Xankəndidə baş verən hər şeydən ən xırda detallarına qədər məlumatlı olduğuna eyham vuran Prezident İlham Əliyevin açıqlamaları ermənilərin gələcək taleyi ilə bağlı dəqiq "yol xəritəsi" xarakteri daşıyır. Çünki, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə normal həyata yeganə mümkün dönüş variantını açıq şəkildə izah etmiş oldu: "Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə o qədər də çox insan yaşamır. Biz inteqrasiyaya hazırıq".

16142468232193652087_1000x669.jpg (27 KB)

Bu, o deməkdir ki, Azərbaycan lideri ermənilərin gələcək rifahının ən qısa müddətdə ölkənin digər hissəsi ilə sürətli inteqrasiyadan asılı olduğunun mesajını verir. Ən əsası isə bunun qaçılmaz yeganə variant olduğunu qabardır: "Hazırda Xankəndi və digər rayonlarda yaşayan ermənilər anlamalıdırlar ki, inteqrasiya prosesi qaçılmazdır. "Artsax" adlı bir dövlət mövcud deyil və olmayacaq. Onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar".

Prezident İlham Əliyevin bu açıqlaması Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə açıq və birmənalı xəbərdarlıq mesajıdır. Və ermənilər bu xəbərdarlıq mesajından doğru nəticələr çıxartmalıdırlar.

Ermənilər birdəfəlik anlamalıdırlar ki, Azərbaycan ərazisində kimsə qondarma "dövlət" icad edə bilməz. Rəsmi Bakı buna işğaldan öncə də imkan verməyib. Savaşda parlaq tarixi zəfər qazandıqdan sonra isə rəsmi Bakı bu sərsəm "erməni xəyalı"na ümumiyyətlə, hər hansı formada şans tanımaz.

Bütün bunları nəzərə aldıqda, Xankəndi və ətraf bölgədə separatizmin qarşısını almaqda, əslində, elə ermənilərin özləri daha çox maraqlı olmalıdırlar. Çünki, bu, onlara mümkün qədər tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya imkanları aça bilər. Bu isə onların sosial rifahının yüksəlməsini, normal qanunlar çərçivəsində yeni və daha perspektivli həyat şərtlərinə qovuşmasını təmin edəcək yeganə "xilas qapısı"dır.

demiryumruq-6e01383f160879170175927244110238609.jpg (442 KB)

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi ilə bağlı mesajları erməni separatizminin sonuna o qədər də çox qalmadığını bir daha təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti öz açıqlamaları ilə erməni separatçılarının son dövrlərdə törətdiyi siyasi-psixoloji təxribatların nəticələrini sıfırladı.

Həmin təxribatların əhəmiyyətsiz olduğunu və rəsmi Bakının hədəflərinə əngəl törətməyəcəyini təsdiqlədi. Və bu, erməni separatizminə sarsıdıcı zərbənin vurulması anlamına gəlir.

Göründüyü kimi, rəsmi Bakı uzun müddət erməni təxribatlarına səbrli yanaşsa da, nəhayət ki, sükutu pozmaq qərarına gəldi. Nəticəsi isə erməni separatizmi üçün olduqca əzici xarakter daşıdı. Hər halda, erməni separatçıları yəqin ki, özləri də artıq anlayırlar ki, onların nə düşünməsi və ya nə etməsi rəsmi Bakı üçün heç bir əhəmiyyət daşımır.

Bölgəyə Rusiya sülhməramlı qüvvələri nəzarət etsə də, oradakı hər kəsin gələcək taleyi məhz rəsmi Bakının verəcəyi qərarlara bağlıdır. Və bu reallıqdan yayınmaq artıq qətiyyən mümkün deyil.

Bütün bunları nəzərə aldıqda, Prezident İlham Əliyevin son açıqlamalarının erməni separatizminə qarşı əsl "dəmir yumruq" zərbəsi effektini verdiyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi