Müharibənin könüllü iştirakçıları nədən narazıdır?

26 Fevral 2021 09:00 Araşdırma 852
Müharibənin könüllü iştirakçıları nədən narazıdır?

44 günlük Qarabağ müharibəsində könüllü iştirak edən bir qrup şəxs müharibə veteranı adını ala bilmədiyini deyir.

Fevralın 22-də həmin şəxslərdən bir neçəsi Bakıda İsmayıl bəy Qutqaşınlı küçəsindəki parkda etiraz aksiyası keçirib.

Etirazçılardan Əsəd Muradov bildirib ki, onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılmayıblar: “Biz özümüz könüllü olaraq getmişik. Orada bizi hərbi hissənin tərkibinə veriblər. Döyüşlər gedən zaman Ağcabədidə saxlanılmışıq. Sonra Ağstafaya gətirdilər. Oradan isə Kəlbəcərə və nəhayət, Laçına apardılar. İndi deyirlər ki, biz döyüşlərdə olmamışıq, Kəlbəcər və Laçın sülh yolu ilə qaytarılıb. Bizim hərbi biletimizə müharibədə olmağımızla bağlı belə qeyd edilmir”.

Ə.Muradov deyib ki, Müdafiə Nazirliyində qəbulda olublar. Daha sonra isə nazirliyin Təlim Tədris Mərkəzində yerləşən Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya müraciət ediblər. “Bizə dedilər ki, ola bilməz ki, hərbi biletinizə möhür vurulmasın, vurulmalıdır. Amma bugünkü gündə problemimiz həll edilmir. Son addım məhkəməyə müraciət etməyimiz olacaq”- deyə, narazı döyüşçülər qeyd edir.(“Turan”).

Xalid Ağaliyev: Jurnalistlərə qarşı iddiaların qaldırılması prosesi davam  edir

Xalid Ağaliyev

Vətən müharibəsinin iştirakçısı, hüquqşünas Xalid Ağaliyev mövzu ilə bağlı Musavat.com-a açıqlama verib. Hüquqşünas deyib ki, bu problem qanunamüvafiq tənzimlənməlidir: “”Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin hansı hallarda hərbi xidmət vəzifələrinin icrası başında sayılmalarına aydınlıq gətirilir. Həmin qanuna görə, döyüş əməliyyatlarında iştirak edənlər, naryadlarda, qarovulda, növbədə olanlar, təlimlərdə iştirak edənlərdən tutmuş, toplanışlar keçənlərə qədər hamı hərbi xidmət vəzifələrini icra edən hesab edilir. Bu müddəadan çıxış etsək, döyüşənlərlə əlində silah döyüşməyi gözləyənlərə fərq qoyulmamalıdır. Amma ola bilsin ki, sənədlərdə qeydiyyatın aparılmasında fərqli yanaşmaları ifadə edən qaydalar, qanunlar mövcud olsun. Bütün hallarda bu məsələ qanunamüvafiq tənzimlənməlidir. Mən onun da nəzərə alınmasının tərəfdarıyam ki, söhbət 10 minlərlə hərbi qulluqçunun, səfərbər edilmiş hərbi vəzifəlilərin şəxsi işlərinə qeydlərin aparılmasından, sənədlərinin hazırlanmasından gedir. Bu, olduqca ağır işdir. Müharibənin ilk günündən sonadək döyüşlərdə iştirak edənlər var ki, onlarla bağlı da problemlər ortaya çıxır. Onlarla bağlı da sənədləşmə işləri başa çatmayıb. Fikrimcə, vaxt aparan işdir və güman edirəm ki, vaxt baxımından uzansa da, səfərbər edilmiş bütün vətəndaşları razı salan addımlar atılacaq".

Digər Xəbərlər
Xəbər Lenti