Azərbaycanın II Liqasında çıxış edən “Hypers Guba”nın sabiq baş məşqçisi Zaur Hidayətov postundan istefa verməsinin səbəblərini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə “report”a danışıb.
O, qərarının səbəblərini rəhbərliklə fikir ayrılıqlarının olması ilə izah edib:
“Son oyundan sonra rəhbərlikdən bəzi istəklərim oldu, klubun idman direktoruna da fikirlərimi çatdırdım. Amma razılaşmadılar və bundan sonra klubda qalmağımın mənası olmazdı.
Fikir ayrılıqları yaranırdı. Rəhbərliklə danışdıq, normal şəkildə ayrılmaq qərarına gəldik. Hələ ki, başqa klubdan dəvət gəlməyib. Yəqin ki, yanvarda olacaq”.
Quba təmsilçisinə adı protokolda olmayan futbolçu Nail Təhməzlinin meydana buraxılmasına görə matçdakı hesab saxlanılmaqla texniki məğlubiyyət verilib.
Zaur Hidayətov bu görüşdən sonra istefa verib. O, texniki məğlubiyyətə görə rəhbərliyi günahlandırıb.
Müsahib protokolu, ümumiyyətlə, görmədiyini bildirib:
“Protokol işinə baş məşqçi baxmır. Açığı, protokolu, ümumiyyətlə, görməmişəm.
Mən, sadəcə, heyəti yazıb göndərmişdim. Protokol rəhbərlik tərəfindən kompüter vasitəsilə doldurulur.
Siyahıya həmin futbolçunun da adını yazmışdım. Amma onu əlavə etməyi unudublar.
Komandada cəmi 13-14 nəfər var. Çox adam yoxdur ki, səhv edəsən. Heyəti göndərmişəm, özləri doldurublar”.