“Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıblar

22 May 2020 23:40 I Divizion 670
“Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıblar

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən futbolun dayanması oyunçuların fiziki hazırlığına da təsir göstərir.

Bu səbəbdən də Premyer Liqa klubları müəyyən vaxtdan sonra onlayn məşqlərə başlayıb, futbolçuların formalarını nisbətən qorumağa cəhd etdilər.

Ancaq məşqçilər də, oyunçular da dəfələrlə bu barədə danışarkən onlayn hazırlığın çox effektli olmadığını, yalnız 20-30 faiz xeyir verdiyini deyirlər. Elə təsadüfi deyil ki, mütəxəssislər də premyer-liqaya qaldığı yerdən başlamazdan əvvəl komandalara ən azı iki-üç həftə vaxt verilməli olduğunu bildirirlər.

Düzdü, hazırda bütün diqqət əsas çempionatın başlamasına yönəlsə də, birinci divizionda da mövsüm məlum səbəbdən yarımçıq dayanıb. Üstəlik, aşağı liqa klublarının bəziləri onlayn məşqlər də etmirlər.

Təxminən ikiaylıq fasilə dönəmində oyunçuların nə iş gördüyü, necə hazırlaşdığı sual altındadı. Bu səbəbdən də birinci divizion təmsilçisi “Kəpəz”in kapitanı Əli Səmədovla karantin günlərində komandanın və özünün necə məşq etməsi barədə söhbət etdik (Futbol+).

Gəncə təmsilçisinin üzvü açıqlamasında əvvəlki formasından uzaq olduğu etiraf etdi: “Bu müddəti evdə keçirdik desək, yalan olmaz. Yalnız ev şəraitində məşqlər etməyə çalışırıq. Ən çox press, yerdən dartınma ilə məşğuluq.

Təbii ki, topsuz çalışmaq çox çətindi. Ancaq yenə də gündəlik 40-45 dəqiqə məşq edirik. Açığı, əvvəlki formamdan çox uzağam. Belə deyək, bu hazırlıq stadiondakı məşqin 20 faizidi. Ona görə də çox kömək etmir.

Sadəcə, məşğul oluruq ki, bir az faydalı olsun. Baş məşçqi Yaşar Vahabzadə də hər gün bizimlə əlaqə saxlayır. Futbolçulara aid olan əsas hərəkətləri etməyimizi söyləyir. Ən əsas kökəlməməyi tapşırır. Düzdü, hələ ki artıq çəki yığmamışam.

Məncə, futbolçu özünü qorumalıdı. Peşəkar oyunçuya nəsə deməyə ehtiyac yoxdu, o öz hazırlığını etməlidi. Sabah məşqlər daha da çətin olmasın deyə, indi bacardığımız qədər çalışmalıyıq.

Bu gün klublar onlayn məşqlər edirlər. Ancaq futbolçu özü məsuliyyətlidisə, buna heç ehtiyac yoxdu. Məşqlərin nə vaxt başlayacağı barədə bizə heç bir məlumat verilməyib.

Bildiyimiz qədər əsas diqqət premyer-liqanın bərpasına yönəlib. Bizim nə vaxt başlayıb-başlamamağımız bəlli deyil. Onsuz da liqaya hazır olmaq üçün komandalara 3 həftə vaxt lazımdı. Ancaq bu qədər zamanın veriləcəyi inandırıcı deyil.

Yenə çalışıb hazır olmalıyıq. Bir tərəfdən də havalar isinir. Başlasaq belə, çox çətin olacaq. Yenə də çempionatın bərpasının tərəfdarıyıq. İstəyirik ki, mövsümü daha yuxarı pillələrdə bitirək. Yəqin ki, çempionat azarkeşsiz olacaq.

Məncə, çempionatın başlaması o qədər də problem olmaz. Düzdü, bir az təhlükəlidi. Ancaq bu da bizim işimizdi. Oynamaqla bağlı tərəddüd yoxdu. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də pis deyil. Məncə, oynaya bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti