AFFA Tovuzda futbol akademiyası yaratmağa hazırlaşır.
Qurumun baş katibi Elxan Məmmədov bununla bağlı əməli fəaliyyətə başladıqlarını qeyd edib:
“Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq”.
«Turan»ın Müşahidə Şurasının sədri Oqtay Abdullayev bununla bağlı Sportinfo.az-a açıqlama verib:
«Tovuz futbol bulağıdı. Bu rayondan həmişə futbolçu çıxıb, bundan sonra da çıxacaq. Sadəcə, bu prosesi sürətləndirmək lazımdı.
Açığı, biz akademiya yaratmaq barədə çoxdan düşünürdük. Elxan Məmmədovdan Tovuzda akademiya açmaq xahişini mən etmişəm. Sağ olsun, razılıq verdi.
Nə iş görəcəyimizi baş katibə izah etdim, planı göstərdim, söz verdi ki, AFFA əlindən gələn köməkliyi göstərəcək.
Akademiyanı stadionun və bazanın əsasında quracağıq. Bəzi köhnə tikililəri bərpa və təmir edəcəyik. İki əlavə meydança var, oranı da düzəldəcəyik.
Tovuzun icra başçısı Məmməd Məmmədovdan şifahi razı almışıq, bu layihənin həyata keçirilməsinə yardım eləyəcək.
Başçıyla görüşümüz olmalıdı. Həmin görüşdə akademiyanın məsələsini dəqiqləşdirəcəyik.
Vaxtilə «Turan»da rəhbər postlar tutmuş şəxslərdən də dəstək alırıq. Hamımız bir yerdə Tovuz futbolunun inkişafına bacardığımız qədər kömək olmalıyıq.
Şübhə eləmirəm ki, akademiya açılandan az sonra Azərbaycan futboluna yeni-yeni istedadlar qazandıracağıq.
Əslində, bunun üçün kuli miqdarda vəsait tələb olunmur. Əsas odu ki, AFFA bu işə qol qoyub».

