“Kəpəz”in Müşahidə Şurasını üzvü seçilən, klubun əsas idarəçisi olmaq tapşırılan Vaqif Sadıqov geri addım atıb.
AFFA-nın təyinat verdiyi bu şəxs yeni vəzifəni icra etməkdən boyun qaçırıb.
AFFA Məşqçilər Şurasının da sədri olan Sadıqov mətbuatın və Gəncə futbol ictimaiyyətinin təzyiqindən sonra belə qərara gəlib. O, az qala hamı tərəfindən haqlı tənqid edildiyini görüb və geri çəkilib.
Təyinatlar rəsmi şəkildə elan edilmədiyi kimi, bu imtina da hələlik rəsmən açıqlanmayıb, ancaq dəqiq olan Sadıqovun Gəncəyə yollanmaq istəməməsi və klubun işlərin burun soxmamasıdı.
Şura sədri İslam Abbasov hələlik təkbaşına “Kəpəz”i idarə etməlidi. AFFA yeni idarəçini müəyyənləşdirməyib.
Onun yerli futbol veteranlarından biri olacağı gözlənilir. I divizionun son turunda “Kəpəz”in evdə darmadağın olmasından sonra (MOİK 0:3) gəncəlilərin narazılığı bir az da artıb.
Şikayətlər əsaslıdı. Vaqif Sadıqov «Kəpəz»in idarəçisi olmağa layiq deyil. Əlinə uzaqbaşı süpürgə vermək olar ki, hər gün bazanın həyətini süpürsün.
Başqa heç nəyə yaramır. Bəlkə də AFFA-da Sadıqovu yaxşı tanmırlar. Bəlkə də yaxşı tanıyırlar, amma Gəncə futbolunun spesifikasından xəbərsizdilər.
Bu da ola bilər ki, Bakıda əyləşənlər özünü «Kəpəz»in tamhüquqlu sahibi, ağası sayır. Bir də işin içinə girmək, orda olmaq var axı.
Mehman Allahverdiyev 2 ilə yaxındı klubda heç bir vəzifə daşımır. «Kəpəz»də prezident, icraçı direktor və baş məşqçi olmuş bu şəxsə yaxınlığı ilə bilininlərin mütləq əksəriyyəti ordan uzaqlaşdırılıb.
Lakin Allahverdiyevin nəfəsi günü bu gün də «Kəpəz»i təqib edir. O olan yerdə Sadıqovun gəlib klubu idarə eləməsi qeyri-mümkündü.
Gəncənin futbol ictimaiyyətinin çox hissəsi yenə də Allahverdiyevi lider kimi qəbullanır və özü haqda «Muğana ceyran, «Kəpəz»ə Mehman yaraşır» söyləyən adamı növbəti dəfə klubda görmək istəyir.
Sabiq məşqçi/funksioner dünyasında imkan verməz ki, Sadıqov doğma şəhərinin klubunda atmanlıq eləsin.
Nə çox təzyiq və təsir vasitəsi! Özü də elə bilməyin e, Məşqçilər Şurasının sədri xarakter yiyəsid. Ağciyərin biridi.
Onunku bir puldu, bir də boş-boş qırıldatmaq. Əlinə alan kimi ağzına aparacaq - vərdişkardı. «Kəpəz» isə pul-para sarıdan kasıb yerdi.
Güman ki, Sadıqov həm də babat qazan bilməyəcəyini dəqiqləşdirdiyi üçün Gəncənin yolunu tutmayıb.
Yəqin fikirləşib ki, gəlirim çox olmayacaqsa, ağrımayan başımı niyə ağrıdım. «Kəpəz»in taxta darvazasını döysə, Allahverdiyev və onunla birlikdə olanlar da dəmir qapısını təpikləyəcək.
Ondan əvvəlkilərə etdikləri kimi.
SPORTİNFO.AZ

