"Görünür, müsahibə vermək üçün 3 il darıxıb, ona görə də gələndən problemlərdən danışır"

23 Yanvar 2019 19:48 I Divizion 1 231
"Görünür, müsahibə vermək üçün 3 il darıxıb, ona görə də gələndən problemlərdən danışır"

«Şüvəlan» I Divizionda ikinci dövrəyə Adil Şükürovla başlayacaq.

Üç il öncə «Zirə»nin sükanı arxasından uzaqlaşdırılan çalışdırıcı indi onun farm-klubu ilə işləyəcək.

Özü də nə az, nə çox, düz 5 illik müqavilə bağlayıb. Şükürov komandanın sükanı arxasına keçər-keçməz bir tərəfdən həm iddialı açıqlamalar verir, qurub-yaratmaqdan danışır, həm də problemlərin çoxluğundan şikayətlənir.

Deməyindən belə çıxır ki, Aqil Nəbiyevdən ona bir yığın problem qalıb.

Həqiqətənmi belədi? Nəbiyevi dinlədik. «Şüvəlan»la bağlı gerçəkləri, gəlin bir də onun dilindən eşidək.

- Rəhbərlik məni «Şüvəlan»a dəvət edəndə, komanda hələ yox idi. Sıfırdan komanda qurmalı olduq. Hamımız bu iş üçün əlimizdən gələni etdik, ilk mövsümü üçüncü yerdə bitirdik. Keçənilki çempionatın 10 iştirakçısı varıydısa, onu da güclü idi. Bir məşqçi olaraq üçüncü yer mənim üçün pis deyildi. Düzdü, daha da yuxarı qalxa bilərdik. Müəyyən səbəblər mane oldu. Ötən yay daha yaxşı komanda formalaşdırdıq. Nəticədə Naxçıvanda Heydər Əliyev kubokunu qazandıq. Düşüncəmiz həmin heyətin çox hissəsini saxlamaq idi. AFFA qərar verəndə ki limit tətbiq olunacaq, vəziyyət kökündən dəyişdi. Belə bir vaxt onu öyrəndik ki, klubun yeni mövsümdə iştirak edib-etməməsi böyük sual altındadı. Klubda hazırda fəaliyyətini davam etdirən rəhbərlik 2 dəfə mənə dedi ki, uşaqlar burax, evlərinə çıxıb getsinlər. Sonra rəhbərlikdən daha bir şəxs məşq gedən vaxt zəng elədi ki, «Şüvəlan» bir daha olmayacaq, indi də klubda qalan məşqçilər təsdiqləyə bilər ki, biz ondan sonra yalnız yüngül məşqlərlə kifayətlənirdik. Çempionatda çıxış edən 13 komandanın hamısı təlim-məşq toplanışı keçmişdi, bir «Şüvəlan»dan başqa. Püşkatmadan 1 gün qabaq köməkçi məşqçim Anar Vəliyevlə söhbət edirdik, o da dedi ki, gərək hərəmiz özümüzə yeni iş yeri axtaraq. O da görürdü ki, mən özümü düşünmürəm. Məni narahat edən o idi ki, görəsən, məşqçilərin, işçilərin, futbolçuların aqibəti necə olacaq. Axşam 6-nın yarısı PFL-dən zəng gəldi, təəccübləndim. Dedilər ki, sabah püşkatmadı, sizin klubdan tədbirdə kim iştirak edəcək? Cavab verdim ki, rəhbərlik klubun fəaliyyətini dayandırmaq barədə qərar verib. Dedi ki, yox, belə qərara gəlmişik ki, «Şüvəlan» gələn çempionatda iştirak eləsin. «Şüvəlan»da çalışanlar adına çox sevindim ki, bu insanlar azı 1 il çöldə işsiz qalmayacaqlar. Fikirləşin ki, püşkatmadan 6 gün sonra bizim də oyunumuz var. Biz hazırkı heyəti 4-5 gün içində topladıq. Uşaqlara da dedim ki, mən dörd-beş tur komandadan heç nə gözləmirəm. Fiziki və taktiki-texniki cəhətdən problemləri həftədən-həftəyə aradan qaldıra bilərdik ancaq. Belə-belə özümüzə gəldik, 20 xal topladıq. Üçüncü yerdən 3 xal geriyik. İndi təzə gələn məşqçi problemlərdən danışır. Bir özü maraqlansın ki, komandanın taleyi necə olub, necə formalaşıb. Məşqsiz çempionata qatılmışıq. Adilin hansı problemlərdən danışdığını bilmirəm. Görünür, mətbuata müsahibə vermək üçün 3 il darıxıb o Adil. İndi gəlib problemlərdən danışır. Ən azından, bir insan olaraq öz kolleqasına hörmətlə yanaşmalıydı. İnsan gərək nə danışdığını bilməlidi. İnşallah, nəyin necə olacağını gələcək göstərəcək. Reklam xarakterli çıxış etmək lazım deyildi. Məşqçi mətbuata çıxmamışdan qabaq nə deyəcəyini düşünməlidi.

Sizə elə gəlmir ki, Şükürov uğuruzluqla üzləşəcəyini bildiyi üçün indidən problemləri qabardır və bunun özünü sığortalamaq cəhdi güdür?
- Birinci dövrənin sonuna yaxın rəhbərliklə görüşəndə, demişdim ki, bizə 3 futbolçu lazımdı ki, çempionatı medalçılar sırasında başa vuraq. Bu gün də deyirəm ki, komandada böyük dəyişikliyə ehtiyac yoxdu. Qışadək komanda yaxşı təsir bağışlayırdı. Adilllə mənim münasibətim olub. Problemlərdən danışmamışdan qabaq bir öyrənərdi ki, komanda çempionata nə vaxt buraxılıb, hansı vəziyyyətdə hazırlaşıb. Uşaqlar 1 manat mükafat almayıb. Yalnız maaş olub. Onu da vaxtlı-vaxtında veriblər. Başqa nə problem olurdusa, yerində həll edirdilər. Büdcə məhdud idi, uşaqların çoxu xırda maaşa oynayırdı. İstədiyimiz futbolçuları gətirə bilmirdik. İkinci dövrədə yəqin çox şey dəyişər. Maaşı artırarlar, mükafat təyin edərlər, toplanış keçərlər… Adilin nə danışdığı mənim üçün maraqlı deyil. Klubda işləyənlər orda nə işlər gördüyümüzü yaxşı bili rvə bunu hamısı təsdiqləyə bilər.

Hadisələrin gedişindən hiss etmək olar ki, əslində, bu təyinat çoxdan planlaşdırılıb. Sadəcə, rəhbərliyə lazım idi ki, siz özünüz gedəsiz. Öncədən olan hazırlanmasaydı, qısa müddətdə klubda bu qədər dəyişikliyin edilməsini danışıb qurtarmaq belə, mümkün deyildi.
- Ordan ayrılmışam. Kimin neyləyib, kimin neyləmədiyini danışmaq mənə xoş deyil indi. Bunların ssenarini çoxdan cızmasını mən deyə bilmərəm. Mənim klubun əsas rəhbərliyindən heç bir şikayətim yoxdu. Kluba pul buraxan və nəzarət edən insanlara minnətdarlığımı bildirirəm ki, mənə inandılar, baş məşqçi təyin etdilər. Ordan getmək qərarını özüm vermişəm. Bu addımı düşünüb atmışam. Məşqçi kursları və başqa problemlərlə əlaqədar mən ordan ayrılmalıydım. Komanda ilyarımda pis nəticə göstərmədi. İnanıram ki, məndən sonra gələn məşqçi bu nəticəni daha da yaxşılaşdırar. Hamı da bilir ki, hazırkı çempionatın səviyyəsi keçənilkindən aşağıdı. Limitə görə səviyyə ə rəqabət düşüb. Həqiqətən də «Şüvəlan»da böyük təcrübə qazandım. Bu qərarım həm özüm, həm də onlar üçün xeyirli olar.

«Şüvəlan»da bu pul varıydısa, niyə sizin vaxtınızda kisənin ağzını bağlayıb, «yoxdu-yoxdu» deyirdilər?
- Türklər demiş, çempionata «apar-topar» başladıq. Rəhbərlikdən xəbərdarlıq etdilər ki, büdcəmiz geniş deyil. İndi strategiyanın dəyişməsindən o qədər də məlumatım yoxdu. Təzə gələn məşqçi problemlərdən danışırsa, yəqin onları həll edəcəklər, lazımı büdcəni verəcəklər. Bəlkə də şəraiti yaxşılaşdırıb, komandanın qarşısına çempionluq məqsədi qoyublar. Bizim vaxtımızda belə bir hədəf yox idi.

Bundan sonra fəaliyyətinizi harda davam etdirmək istərdiz?
- Divizion komandalarından təkliflər varıydı. Sözün açığı, hələlik istəmirəm. Bir az düşünməyim lazımdı. Hazırda bütün fikrimi A kateqoriyalı məşqçi kursunu oxumağa vermişəm, ona hazırlaşıram.

SPORİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti