Aqil Nəbiyevin istefasından sonra baş məşqçi postu boş qalan «Şüvəlan»ı kimin çalışdıracağı məlum olub.
Adi Şükürov I Divizion təmsilçisinin sükanı arxasına gətirilib.
Anar Vəliyev ona köməkçi təyin edilib. Bu, gözlənilirdi. Qəsəbə təmsilçisinin əldəqayırma prezidenti Seyidağa Babayevə dəyişikliyə çoxdan hazırlaşırdı.
Heç bir yerdə tikiş tutmayan, bununla belə, hər qazanda qaynamağa öyrəşmiş Babayev altdan-altdan öz işini görürdü.
Ona «ləbbeyk» deyəcək baş məşqçi lazım idi. Hansı ki, bir sözünü iki eləməsin, məntiqli-məntiqsiz bütün qərarlarını və göstərişlərini yerinə yetirsin.
Onlar «Zirə»dən yaxşı tanışdı. Bir müddət bərabər çalışıblar. Həm əsas komandada, həm də akademiyada. Babayev də «Şüvəlan»a elə «Zirə»dən «sürgün olunub».
Şükürova gəlincə, son illər «qartallar»ın akademyasında koordinator olaraq fəaliyyət göstərib.
O, «Şüvəlan»nı «Sumqayıt»la ötən həftəsonu Mərdəkanda keçirilən yoxlama matçını canlı izləyib. Babayev və bir neçə şəxslə yan-yana.
Demək ki, bu təyinat əvvəlcədən planlaşdırılıb və düşünülüb. Yoxsa Şükürovun marağı nə idi ki, o soyuğun qabağında gözünü meydançaya zilləsin?
19 yaşlılardan ibarət millinin baş məşqçisi Vüqar Məmmədin «Şüvəlan»a «əli girir». Çünki qardaşı Çinarla klubun əllamə prezidentinin arasından heç su da keçmir.
SPORTİNFO.AZ

