İki gün öncə AFFA-nın inzibati binasında profilaktik və maarifləndirici tədbirlər məqsədilə birinci divizionda mübarizə aparan klubların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli çıxış edib.
Klublarda bu istiqamətdə marifləndirici işlərin aparılmasının vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Klub lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubların gənclər komandalarına marifləndirici xarakterli təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub. Klublarda danışılmış oyunlarla bağlı əlaqələndirici şəxsin olması təklif olunub.
Hazırkı vəzifəsinə yenicə təyinat alan S.Səlimli «hansı məsələlər üzəridə işləyirsiniz ki, danışılmış oyunların qarşısını alasız» sualına belə cavab verib:
«Əsasən maarifləndirmə xarekterli tədbirlər keçiririk. AFFA-ya daxil olan materialları araşdırır və onlar üzərində işləyirik.
Biz UEFA ilə daim əlaqədəyik. Onlardan təkliflər, tövsiyələr və müəyyən hesabatlar alırıq.Bu mövsüm şübhəli oyunlarla bağlı məsələ nə yerdədi? Bu, elə bir xəstəlikdi ki, bütün dünyada yayılıb. Biz də kənarda deyilik.
Bununla daim mübarizə aparmaq lazımdır. AFFA olaraq, məsələni diqqət mərkəzində saxlayırıq. Keçən mövsüm danışılmış oyunlarla bağlı müəyyən klublar xəbərdarlıq almışdılar. İntizam Komitəsinin qərarları olmuşdu və bəzi komandalar yarışlardan kənarlaşdırılmışdı.
Mütəmadi olaraq bunlarla bağlı iş gedir. İstəyirik ki, sağlam yarışlar keçirilsin. Ehtimallar var deyə, biz həmişə bu işi nəzarət altında saxlayırıq. Elə məsələlər var ki, onlar tam təsdiqini tapmamış məlumat vermək olmur.
Məlumatlar daxil olur və biz də həmin istiqamətdə işlər aparırıq. Hazırda da müəyyən araşdırmalar getdiyindən, bu məsələ haqda dəqiq danışa bilmərəm. Şübhəli oyunlarla bağlı hallar azalmağa doğru gedir.
Gedişatın yaxşıya doğru getdiyini deyə bilərəm. Premyer Liqada belə oyunlar varmı? - Hazırda iş getdiyindən, dolğun cavab verə bilməyəcəm».
Qeyri-leqal bukmeyker kontorları ilə əlaqələr kəsilməyib. «Qara bazar»ın adamları hazırda da I Divizionu öz təsir dairəsində saxlamağa çalışır və təəssüf hissi ilə deməliyik ki, buna müəyyən dərəcədə nail olublar.
Məsələnin ən pis tərəfi AFFA vasitəsilə maliyyələşən klubların adının ön plana çıxmasıdı. Başda «Səbail» gəlir.
Bugünlərdə federasiyanın bəzi rəsmiləri aşağı dəstədə çıxış edən komandayla toplantı keçirib. Görüş Bayılda baş tutub. AFFA mənsubları UEFA-dan aldıqları serkulyar məktublarda «Səbail-2»nin adının çəkilməsini açıqlayıb və bu kimi məqamların onlarda narahatlıq yaratdığını deyib.
Məşqçi və futbolçular belə işlərlə məşğul olmadıqlarını söyləsə də, çağırılmamış qonaqlar toplantını xəbərdarlıq edərək tərk edib:
«Əgər kimsə zəng vurub, öz oyunlarınıza pul qoyuluşu etməyinizi istəsə və ya sizə təklif eləsə, mütləq bizə xəbər verin. Heç nəyi bizdən gizlətməyin. Sonradan kimlərin bu işdə əlinin olmasını öyrənsək, bağışlamayacağıq».
«Səbail» 2016-cı ilin yayında yaradılıb. AFFA və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev tərəfindən. Hazırda klubun idarəçiliyi Ramin Həsənovda – AFFA-nın baş katibi Elxan Məmmədovun adamındadı.
SPORTİNFO.AZ

