AFFA İntizam Komitəsinin iclasında I Divizionun 10-cu turu çərçivəsində keçirilmiş “Turan Tovuz” –“Zirə -2” matçında qonaq komandanın heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə paytaxt klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Zirənin eyniadlı klubu buna görə 800 manat cərimə olunub.
Lakin qəsəbə təmsilçisi bu qərarla razı deyil. Belə ki, “Zirə” rəhbərliyi tezliklə apellyasiya şikayəti verəcək.
Qəsəbə təmsilçisi AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, İntizam Komitəsinin qərarının ləğv olunmasını istəyəcək. Sözügedən oyunda “Zirə” 3:2 hesabıyla qalib gəlib.
«Turan» tərəfi protokolda Tapdıq Əhmədov, Murad Musayev və Əmrah Bayramovun sənədlərinin yerində olmadığını qeyd edib. İş ondadı ki, adıçəkilən futbolçular I Divizionun ötən turlarında da meydana çıxıb, hətta qol da vurublar.
Sadəcə, 3-ü də oyundan öncəki gün əsas komandanın düşərgəsində olduğundan, rəsmilər lisenziyaları Tovuza göndərməyə gecikib.
«Zirə»liləri arxayın salan isə Peşəkar Futbol Liqasının Yarışların Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov olub.
O, telefon danışığında şifahi olaraq razılıq verib ki, həmin oyunçular meydana çıxsın. Lakin indi aydınlaşır ki, İntizam Komitəsi üçün Həsənovun sözü əsas deyil və mənasızdı.
Təbii ki, «Zirə» başbilənləri də artıq öz tərəfindən sərt tədbirlər görməlidi. Bu və ya digər səbəbdən işində səhlənkarlığa yol verib, nəticədə klubun reputasiyasına zərbə vuranlar öz layiqli cəzasını almalıdı.
Əsas komandanın «Səbail»lə matçını yada salsınlar. Premyer Liqanın 3-cü turu çərçiəvsində keçirilən görüş 1:1 bitsə də, protokolda edilən səhv, yəni, adı iştirak ərizəsində yer almayan futbolçunun meydana buraxılması texniki məğlubiyyətə gətirib çıxartdı.
O bir, bu iki… Daha nə qədər?
Futbolçular məsuliyyətsiz, məşqçilər məsuliyyətsiz, rəsmilər də məsuliyyətsiz? İnanırıq ki, börmətli Orxan Məmmədov gərgin iş qrafikinə baxmayaraq, nəhayət, kluba da ayırmağa vaxt tapacaq, günahkarları və mövcud durumdan çıxış yolunu tapacaq, cəzalandıracaq. Ən azından buna ümid edirik.
SPORTİNFO.AZ

