Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev ötən ay «Kəpəz»in Müşahidə Şurasının sədri postundan istefa verdi.
AFFA klubun rəhbərliyinə kimi gətirəcəyini müəyyənləşdirmək üzrədi.
Hazırda namizədlər arasında Oqtay Abdullayev favoritdi. O, 3 ildi «Turan Tovuz»un Müşahidə Şurasının sədridi.
Abdullayev artıq neçə dəfə burdan getmək istədiyini bildirib. Futbol Veteranları Şurasının rəhbəri Tovuz klubundan ayrılmaq niyyətini həm medianın, həm də AFFA-nın baş katibi Elxan Məmmədovun da diqqətinə çatdırıb.
Abdullayev «Turan»a kənar təsirlərdən şikayətlənib və bu müdaxilələrin qarşısıalınmaz olduğunu bildirib. Onun narazılığı həmçinin yerli rəsmilərdəndi. Kluba maddi-mənəvi dəstək vermədikləri üçün.
«Kəpəz»də vəziyyət bu mənada nisbətən fərqlidi. Nizami yurdunun təmsilçisi yaydan etibarən AFFA-nın nəzarətindədi.
Premyer Liqadan I Diviziona yuvarlanan klubun idarəçiliyi ilə daha yerli İcra Hakimiyyəti məşğul olmur. Rəhbərlikdə yer alanların bir çoxu vəzifədən götürülüb.
AFFA-nın planı təxmini bəllidi: «Kəpəz» gələn mövsümə Premyer Liqada başlamalıdı. 1 illik fasilədən sonra gerçəkləşəcək dönəm elə Abdullayevin istədiyidi. Çünki o, I Divizionda gün keçirməkdən bezdiyini dəfələrlə açıqlayıb.
Bir klubun rəhbərinin əks düşərgəyə yollanması praktikası Azərbaycan futbolçu üçün yenilik sayılmır.
Hələ 2000-ci illərin əvvəlində «Turan»ın prezidenti Vidadi Əhmədovla «Bakılı»nın yaradıcısı Mirsir Əbilov «Neftçi»nin vitse-prezidenti postunu tutub. Kamran Quliyev isə 7 ilə yaxın başqanı olduğu «Sumqayıt»ı bu ilin fevralında «Neftçi»yə dəyişib.
SPORTİNFO.AZ

