"Baş məşqçiyə xəbərdarlıq etmişdik, nəticə çıxartmadı"

31 Oktyabr 2018 18:48 I Divizion 768
"Baş məşqçiyə xəbərdarlıq etmişdik, nəticə çıxartmadı"

AFFA İntizam Komitəsi "Səbail-2"yə texniki məğlubiyyət verib.

Buna səbəb I Divizionun VIII turunda "Neftçi -2" ilə səfər matçında komandanın heyətində limitin pozulmasıdı.

Turnirin reqlamentinə əsasən, meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdı. “Səbail-2”nin məşqçilər heyəti isə 90+2-ci dəqiqədə 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxıb.

Həmin qarşılaşmada “Neftçi-2”nin 4, “Səbail-2”nin isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldıqları üçün hər iki klub 80 manat cərimə olunub.

Görüşün 90+1-ci dəqiqəsində qonaqların futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, kluba isə 20 manat məbləğində cərimə tətbiq olunub.

“Səbail“ başbilənləri bununla bağlı sərt tədbir görüb. Baş məşqçi Elman Sultanov və qapıçılar üzrə köməkçisi Toğrul Əhmədov vəzifəsindən uzaqlaşdırılıb. Bunadək 19 yaşlıları çalışdıran Siyasət Əsgərov sükan arxasına gətirilib,

Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova bununla bağlı Sportinfo.az-a deyib:

«Əvvəlki məşqçilər «Neftçi-2» ilə oyununun 92-ci dəqiqəsində dəyişikliyi düz eləməyib. Ümumilikdə, komandamıza son 3 oyundan 2-də texniki məğlubiyyət verilib.

Elman müəllimə xəbərdarlıq olunmuşdu. Nəticə çıxarmayıblar. Ona görə də qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.

Təkcə onun yox, Toğrulun da müqaviləsinə xitam verilib. Elman müəllimin yerinə Siyasət Əsgərov gətirilib. Bundan sonra qapıçılarla Rauf Salamov işləyəcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti