Yenə «dərə xəlvət, tülkü bəy» deyib, I Divizionda hoqqa çıxarırlar.
Guya öz aləmlərində limit qoyublar ki, uşaq yetişsin.
Elə öz sistemləri ilə də həmin uşaqları sındırırlar. "Kəpəz" - "Turan" oyununun videosuna baxdım, baş hakim Səbuhi Bayramov əməlli-başlı şou verib və belə demək mümkünsə, "Kəpəz"in haqqına girib.
Oyunda hesabı "Turan Tovuz" açıb. Bundan bir qədər sonra "Kəpəz"dən Elgün Orucov rəqibin cərimə meydançasına daxil olub və "Turan Tovuz"dan Misir Rüstəmov aşkar şəkildə ona qarşı kobud oynayıb.
Bu epizod aşkar penaltidi. Lakin Səbuhi Bayramovun fiti susub. Hansı ki, ikinci hissədə bundan daha yüngül epizodda hakim "Kəpəz"in qapısına penalti təyin edib.
Zəhmət olmasa, videonun 2.30-cu dəqiqəsindən izləyin və epizoda özünüz də şərh verin.
Yaxşı, deyək ki, baş hakim bunu görmədi, yaxud da hakimlik səviyyəsi görməyə imkan vermədi. Bəs Premyer Liqa hakimi olan laysman Yaşar Abbasov hara baxırdı? Niyə epizoda müdaxilə etmədi?
Axı həmin epizod penalti olsa böyük ehtimalla hesab bərabərləşəcəkdi. Bundan sonra isə "Kəpəz"in qələbə şansı artacaqdı. Adi epizoddu, bunu görməyən niyə hakimlik etsin ki?..
ANAR

