I Divizionda çıxış edən “Səbail-2”nin baş məşqçisi Elman Sultanov istefaya göndərilib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib.
O, bildirib ki, qarşılıqlı razılaşma əsasında 44 yaşlı mütəxəssisin və köməkçisi Toğrul Əhmədovun müqaviləsi ləğv edilib: “Məşqçilər korpusu VIII tur çərçivəsində “Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol veriblər.
Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da “Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb.
Bu da Əsasnaməyə uyğun deyil. Ona görə də komandaya texniki məğlubiyyət veriləcək. VI turda “Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də “Səbail-2”yə texniki məğlubiyyət verilmişdi.
Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Bugünkü görüşdə isə Sultanovun özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib”.
"Səbail"in əvəzedici komandası ötən mövsüm E.Sultanovun rəhbərliyi altında ölkə çempionu olub. “Səbail”in əsas komandası Premyer Liqada “Zirə” və “Qarabağ”la görüşlərdə rəqibləri səhvə yol verdiyi üçün texniki qələbələr hesabına 6 xal qazanıb.
Bunlar lazım idi. «Səbail»də hərc-mərcliyin hökm sürməsi yenilik və yeni xəbər deyil. nədənsə Tamerlan Abdullayevin idarə etdiyi klubda daşlar heç cür yerinə oturmur.
Bunun bir çox səbəbləri ola bilər. Obyektivə subyektiv. Faktlar daha üstündü - istər əsas, istər əvəzedici komandalar kağız üzərində «oynayır». Biri qazanır, biri itirir.
Elman Sultanov hələ yayda getməliydi. Əvəzəedicilərin çempionatını medalla başa vurmasına baxmayaraq.
Göndərilirdi, əslində. Son anda saxlanıldı. Söz vermişdi ki, özünü yığışdıracaq, yaşlı futbolçuları düşərgəyə qatmayacaq, onlardan cavanlarla söyüş dilində danışmayacaq.
Bu, bir işarəydi. Açığı, Sultanovun adı danışılmış oyunlarda keçirdi. Bu kimi şeylər hələ inişil – «Şəmkir»lə Bayılda baş tutan qarşılaşmadan sonra özünün finiş nöqtəsinə çatmışdı.
Onda nə olub, nə olmadığı Abdullayevə sirr deyil yəqin. «Şəmkir»in ovaxtkı prezidennti Elvin Səfərlinin baş rol aldığı, hər iki tərəfdən bir neçə futbolçunun iştirakçısı olduğu deyilən «oyun»un davamında mübahisəyə daha kimlər qoşulmamışdı ki…
AFFA-ya «Səbail» barədə UEFA-dan siqnalların daxil olması şübhə doğurmur. Ola bilməz ki, «Göyəzən»dən, «Energetik»dən, «Rəvan»dan xəbər tutan ali qurum hamının gözü qabağında olan «Səbail»dən biqafil qalsın.
Sadəcə, AFFA bu klubu hər məsələdə qoruyur. Çün «Həsən ağanın qohumuyam» məsələsi federasiya üçün keçərlidi.
Federasiya guya xoşagəlməz halların qvarşısını almaq məqsədilə əvəzedici komandaları I Diviziona birləşdirdi, yaş limitini yenə dəyişdi.
Amma yenə xəbərlər gəlir ki, «bazar» köhnə» qayldaları ilə çalışmaqdadı. Görünür, «Səbail» rəhbərliyinə Sultanovdan canını qurtarmaq lazım olub.
O da bundan duyuq düşüb. Necə ola bilər ki, bir səhvi 2 dəfə eləsən? Özü də az bir intervala. Təsadüfə oxşamır heç.
SPORTİNFO.AZ

